Azərbaycan IMF-lə IV maddə üzrə məsləhətləşmələrə başlayıb

Azərbaycan IMF-lə IV maddə üzrə məsləhətləşmələrə başlayıb

22 Yanvar 2025

Beynəlxalq Valyuta Fondu (IMF) ilə Azərbaycan hökuməti arasında IV Maddə Məsləhətləşmələri çərçivəsində müzakirələr aparmaq məqsədilə Fondun Azərbaycan, Yaxın Şərq və Mərkəzi Asiya Departamenti üzrə missiya rəhbəri Anna Bordon ölkəmizdə səfərdədir.

"NAXÇIVANXƏBƏRLƏRİ" Maliyyə Nazirliyə istinadən xəbər verir ki, maliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Azər Bayramov ilə keçirilən görüşdə məsləhətləşmələrə dair hazırlıq işləri və bununla əlaqədar IMF-in aparacağı analitik təhlillərin istiqamətləri diqqət mərkəzində olub.

A.Bayramov 2024-cü ilin makroiqtisadi yekunları, dövlət və icmal büdcələrin icrası, 2025-ci il və ortamüddətli dövr üzrə büdcə planları və gözləntiləri, büdcə siyasətinin istiqamətləri, büdcə qaydasının tətbiqi ilə bağlı məsələlər, ölkə iqtisadiyyatının inkişaf perspektivləri, o cümlədən qeyri-neft sektorunun sabit artımı, büdcə-vergi siyasəti sahəsində aparılan islahatlar və əldə olunan nəticələrlə bağlı geniş məlumat verib, xərclər üzrə səmərəliliyin artırılması istiqamətində atılan addımları qeyd edib.

Anna Bordon bildirib ki, 2025-ci il üzrə IV Maddə məsləhətləşməsinin əsas diqqət mərkəzində iqtisadi artımın sürətlənməsi və inflyasiyanın azalması daxil olmaqla son iqtisadi inkişaflar, perspektivlər və risklər yer alır.

Fevralın 5-dək davam edəcək missiyanın səfəri zamanı makroiqtisadi yeniliklər və perspektivlər, neft-qaz hasilatı və dekarbonizasiya təşəbbüsləri, həmçinin iqlim dəyişikliyi üzrə mitiqasiya və adaptasiya tədbirləri ilə bağlı hökumətin iqtisadi blokuna daxil olan qurumlarda müzakirələr aparılması nəzərdə tutulur.

Xatırladaq ki, Azərbaycan 18 sentyabr 1992-ci ildə IMF-ə qoşulub. 1995-2005-ci illərdə iqtisadi islahatlar proqramını dəstəkləmək üçün IMF Azərbaycana 577,3 milyon ABŞ dolları məbləğində kredit ayırıb. Azərbaycan Fondun kreditlərini tam ödəyib. 2005-ci ildən etibarən Azərbaycanın IMF-in maliyyə vəsaitlərinə müraciət etmək zərurəti yaranmayıb, buna görə də 2006-cı ildən IMF və Azərbaycan Fondun Nizamnaməsinin IV Maddəsi üzrə məsləhətləşmələr və makroiqtisadi siyasətin əsas istiqamətləri üzrə texniki yardım missiyaları çərçivəsində əməkdaşlıq edirlər.