Naxçıvanda daha bir festivalın yekun tədbiri keçirilib - FOTO
İyulun 2-də Naxçıvan Dövlət Milli Dram Teatrında Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş ”Naxçıvan istedadları” İncəsənət festivalının mükafatlandırma mərasimi və yekun konserti keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbiri giriş sözüylə açan Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini Həsən Seyidov tədbirin mahiyyəti barəsində ətraflı məlumat verib.
O, bildirmişdir ki, festivalın keçirilməsinin əsas məqsəd və vəzfələri Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində təhsil alan şagirdlərin yaradıcılıq qabiliyyətlərinin aşkarlanması, müvafiq sahə üzrə uşaq və yeniyetmələrin istedadının aşkara çıxarılması, şagirdlərin Azərbaycan və dünya bəstəkarlarının əsərlərinə, eləcə də milli musiqiyə olan marağının və fərdi musiqi bazasının daha da artırılması, gələcək peşəkar səhnə təcrübəsinin uşaq və yeniyetməlik yaşlarından aşılanmasına xidmət edir.
Qeyd edib ki, festivalda fərdi nominasiyalar üzrə 378 şagird, kollektiv nominasiyalar üzrə isə 55 kollektiv iştirak etmişdir.Onlardan fərdi nominasiyalar üzrə 126 şagird, kollektiv nominasiyalarda isə 17-si II turda iştirak etmək üçün haqq qazanıb.
Sonra Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Tükəzban Quliyeva çıxış edərək Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinə xidmətlərini vurğulayaraq mədəniyyət sahəsinə olan qayğı təzahürdən bəhs edib.
Daha sonra Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Aparatının Humanitar və sosial məsələlər şöbəsinin müdiri Sevinc Cabbarova çıxış etmiş, Azərbaycan Respublikasında uşaq hüquqlarının qorunmasından, dövlətin uşaqlara verdiyi dəyərdən danışmış, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün təsdiq olunmuş dövlət proqramında mədəniyyətin inkişafı ilə bağlı qarşıda duran məsələlərin uğurla həyata keçirilməsinin əhəmiyyətindən bəhs edib.
Tədbirin davamında festival qaliblərinin mükafatlandırma prosesinə başlanılıb. Festivalda fərqlənən şagirdlərə diplom və fəxri fərmanlar təqdim olunub.
Sonda final mərhələsində qalib olmuş şagirdlər müxtəlif kompozisiyalarla konsert proqramında çıxışlar edib.