Naxçıvanda Beynəlxalq Ailə Günü qeyd edilib

Naxçıvanda Beynəlxalq Ailə Günü qeyd edilib

15 May 2023

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə  əlaqədar  Naxçıvanda 15 may - Beynəlxalq Ailə Günü münasibətilə “Azərbaycan ailə siyasətinin təminatçısı Ulu Öndər Heydər Əliyev” mövzusunda tədbir keçirilib.

NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, tədbirdə ümummilli lider Heydər Əliyevin, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Sonra ümummilli liderimiz zəngin irsini əks etdirən video-çarx nümayiş olunub.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikası üzrə səlahiyyətli nümayəndəliyinin əməkdaşı Pənah Mehdiyev bildirib ki, Azərbaycan xalqı hər zaman ailə dəyərlərini, ailə ləyaqətini hər şeydən uca tutub və bu, bizim milli adət-ənənəmizə çevrilib. Qeyd edib ki, ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə millətin gələcəyinə, təhsilin, səhiyyənin, iqtisadiyyatın, mədəniyyətin hərtərəfli inkişafına həmişə qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyev ailənin cəmiyyətdəki rolunu xüsusi olaraq qeyd edirdi. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi əsasında ötən əsrin 90-cı illərində ailənin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində Azərbaycan Respublikası mühüm beynəlxalq Konvensiyalara qoşulub və ölkəmizdə bir sıra müvafiq qanunlar qəbul edilib. Pənah Mehdiyev tədbir iştirakçılarını Beynəlxalq Ailə Günü münasibətilə təbrik edib.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, hazırda Naxçıvan Muxtar Respublikasında 99 min 52 ailə yaşayır. Naxçıvan Muxtar Respublikasında ailələrə dəstək dövlətin diqqət mərkəzindədir. Bunun nəticəsidir ki, ötən dövrdə muxtar respublikada müharibə veteranlarına, şəhid ailələri və hərbi xidmət zamanı sağlamlığını qismən itirmiş vətəndaşlara, eləcə də hərbi qulluqçuların, alim və fəaliyyət göstərdiyi sahədə uğurları ilə seçilən şəxslərin ailələrinə mənzillər verilib. Həmçinin 1320 ailə özünüməşğulluğa cəlb edilib. Hazırda muxtar respublikada 1377 ailə təsərrüfatı fəaliyyət göstərir.

Sağlam ailənin sağlam nəsil, sağlam millət demək olduğunu xatırladan Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Nicat Babayev ölkəmizdə ailənin inkişafı sahəsində müsbət dinamikanın mövcudluğu, ailə institutunun daha da möhkəmləndirilməsi və muxtar respublikada özünüməşğulluq proqramının uğurla həyata keçirilməsi sahəsində görülən işlərdən bəhs edib.

Uzunömürlü ailənin üzvü Rüstəm Ələkbərov, şəhid ailəsinin üzvü Gülay Novruzlu və hərbçi ailəsinin üzvü Ramilə Kazımova cəmiyyətimizin layiqli sosial-mənəvi inkişafını təmin edən, həyat strategiyasını gerçəkləşdirə bilən, fəal, güclü ailələrin formalaşması üçün həyata keçirilən tədbirlərdən danışıblar.

Tədbirdə şəhid, qazi və digər nümunəvi ailələrin üzvlərinə hədiyyələr təqdim olunub.

Sonra “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda 10-cu muxtar respublika yazı, dekorativ-tətbiqi sənət və rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs qrupunun, Naxçıvan şəhər 5 və 8 nömrəli körpələr evi uşaq bağçalarının balaca fidanlarının hazırladıqları kompozisiya alqışlarla qarşılanıb.

Sonda müsabiqə qaliblərinin əl işlərindən ibarət  sərgiyə baxış olub.