Uşaqların asudə vaxtının səmərəli keçməsi diqqətdə saxlanılır -

Uşaqların asudə vaxtının səmərəli keçməsi diqqətdə saxlanılır - FOTO

26 İyul 2024

İyulun 26-da Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı “Naxçıvanı tanıyaq və tanıdaq” layihəsi çərçivəsində xüsusi kateqoriyadan olan uşaqların muzeylərə ekskursiyası təşkil olunub. Ekskursiya zamanı valideynlərini itirmiş və valideyn himayəsindən məhrum, təkvalideynli, aztəminatlı və çoxuşaqlı ailələrdən olan, eləcə də fəallığı ilə seçilən uşaqlar Naxçıvan şəhərində yerləşən muzeylərdə olublar.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin dövlətçilik irsini özündə təcəssüm etdirən Heydər Əliyev Muzeyi, çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixini özündə əks etdirən Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi, 1993-cü ildə Ağdərədə gedən qeyri-bərabər döyüşlərin birində döyüş yoldaşlarını mühasirədən çıxararkən qəhrəmancasına şəhid olan və ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilən Mirzəyev Yusif Vəli oğlunun Naxçıvan şəhərindəki büstü, milli dəyərlərimizin təbliğ olunduğu Milli Dəyərlər Muzeyi, görkəmli hərbi xadim, Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri olmuş Cəmşid Naxçıvanski Muzeyi ziyarət olunub.