Naxçıvanda Ailə Sağlamlıq Mərkəzlərinin əməkdaşları üçün təlimlər təşkil olunub -

Naxçıvanda Ailə Sağlamlıq Mərkəzlərinin əməkdaşları üçün təlimlər təşkil olunub - FOTO

07 Aprel 2025

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən icra edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində əhalinin tibbi xidmətə əlçatanlığının artırılması və keyfiyyətli xidmətin göstərilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu tədbirlər çərçivəsində muxtar respublikanın müxtəlif bölgələrində yaradılmış Ailə Sağlamlıq Mərkəzlərində çalışan tibbi personalın bilik və bacarıqlarının artırılması məqsədilə xüsusi təlimlər təşkil olunub. İlkin mərhələdə Ordubad, Kəngərli və Sədərək rayonları üzrə Ailə Sağlamlıq Mərkəzlərinin əməkdaşları təlimlərdə iştirak ediblər.

Təlimlərdə əsas diqqət tibbi xidmətin insan amilinə əsaslanmasına, həkim-pasiyent münasibətlərində etimadın və düzgün ünsiyyətin qurulmasına yönəldilib. Həmçinin, iştirakçılara tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, pasiyent məmnuniyyətinin təmin olunması və etik davranış qaydaları barədə geniş məlumat verilib.

Qeyd edək ki, Ailə Sağlamlıq Mərkəzlərinin yaradılmasında başlıca məqsəd tibbi xidməti əhalinin birbaşa yaşadığı ərazilərə yaxınlaşdırmaq və ilkin tibbi yardımı daha əlçatan və keyfiyyətli şəkildə təqdim etməkdir. Bu məqsədlə keçirilən təlimlər tibbi personalın peşəkarlığının artırılmasına, eləcə də vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edir.

Nəticə etibarilə, Naxçıvan Muxtar Respublikasında icra olunan dövlət proqramı çərçivəsində yaradılan səhiyyə infrastrukturu, təşkil edilən təlimlər və tətbiq olunan innovativ yanaşmalar əhalinin sağlamlığının qorunması və tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.