Amerikalı mütəxəssislər Naxçıvanın səhiyyə sektorunda bu məsələni müzakirə etdilər -

Amerikalı mütəxəssislər Naxçıvanın səhiyyə sektorunda bu məsələni müzakirə etdilər - FOTO

10 Aprel 2025

ABŞ-ın Enerji Departamentinin Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının (DOE/NNSA) nümayəndələri Naxçıvana səfər ediblər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, səfər çərçivəsində nümayəndələr Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzində olub, burada mövcud avadanlıqlar və mühafizə sistemləri ilə tanış olublar.

Ziyarət zamanı qonaqlara Onkoloji Mərkəzdəki fiziki mühafizə tədbirləri, yüksək radioaktiv mənbələrin qorunması istiqamətində görülən texniki və praktiki işlər barədə ətraflı məlumat verilib, təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra ABŞ nümayəndələri Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxovla görüşüblər. Görüşdə Onkoloji Mərkəzdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, mövcud avadanlıqların təkmilləşdirilməsi və gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər, radioloji təhlükəsizliyin təmin edilməsi istiqamətində birgə fəaliyyətin genişləndirilməsi barədə razılığa gəliblər.

Nazir Samiq Sadıxov, həmçinin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində səhiyyə sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Qeyd edək ki, bu səfər ABŞ ilə Azərbaycanın nüvə və radioloji təhlükəsizlik sahəsində uzunmüddətli əməkdaşlığının bir hissəsi olaraq həyata keçirilib və yüksək təhlükəli radioaktiv mənbələrin mühafizəsinin təmin olunmasına yönəlib.