
“Konstitusiyada ailə dəyərləri və gender bərabərliyi prinsipləri” mövzusunda konfrans keçirilib - FOTO
Aprelin 18-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan Müəllimlər İnstitutunun akt zalında “Konstitusiyada ailə dəyərləri və gender bərabərliyi prinsipləri” mövzusunda konfrans keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə institutun tələbələri, eləcə də media nümayəndələri iştirak ediblər.
Konfransın məqsədi ailə dəyərlərinin qorunması, gender bərabərliyinin təşviqi və bu sahədə mövcud qanunvericiliyin tələbələr arasında təbliğ olunması olub.
Konfrans iştirakçılarını salamlayan Naxçıvan Müəllimlər İnstitutunun Ümumi işlər üzrə prorektoru Xəyal Camalov çıxış edərək tədbirin əhəmiyyətindən bəhs edib. O, cəmiyyətin inkişafında ailə institutunun rolunu vurğulayıb, gənclərin bu kimi maarifləndirici tədbirlər vasitəsilə hüquqi biliklərinin artırılmasının önəmini qeyd edib.
Sonra Naxçıvan MR Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti aktları bölməsinin rəisi Reyhan Sadiqova “Qanunvericilikdə ailə dəyərləri və gender bərabərliyi” mövzusunda çıxış edərək, ölkəmizin hüquqi sistemində bu sahədə həyata keçirilən islahatlardan, normativ hüquqi aktlardan və konstitusion prinsiplərdən bəhs edib.
Daha sonra Ailə, Qadın və Uşaq Hüquqları Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Eltun Həziyev “Ədalətli cəmiyyətin təməli: Ailə və gender bərabərliyi hüququ” mövzusunda çıxış edərək, ailə institutunun cəmiyyətin inkişafında rolunu və gender bərabərliyinin təmin olunmasının əhəmiyyətini vurğulayıb.
NMR Ədliyyə Nazirliyinin İcra şöbəsinin baş məsləhətçisi Rəşad Allahverdiyev isə “Valideyn və uşaq: hüquqi və mənəvi məsuliyyətlər” mövzusunda məruzə ilə çıxış edərək valideyn məsuliyyəti, uşaqların hüquqları və ailədaxili münasibətlərdə hüquqi tənzimləmələrə toxunub.
Konfrans interaktiv sual-cavab sessiyası ilə yekunlaşıb. Tələbələr mövzu ilə bağlı suallar verib, fikir mübadiləsində iştirak ediblər.
Tədbir iştirakçıları tərəfindən ailə dəyərlərinin qorunması və gender bərabərliyinin təmin olunması sahəsində bu cür maarifləndirici tədbirlərin əhəmiyyəti yüksək qiymətləndirilib.