Naxçıvanda ağacəkmə aksiyası keçirilib -

Naxçıvanda ağacəkmə aksiyası keçirilib - FOTO

18 Oktyabr 2024

Bu il noyabr ayında dünyanın ən mötəbər tədbirlərindən biri COP29 Bakıda keçiriləcək. Bu missiyaya uyğun olaraq Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ölkə miqyasında həm COP29, həm də “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar müxtəlif tədbirlər keçirilir. Bu istiqamətdə görülən işlərin davamı olaraq 18-27 oktyabr tarixlərində Azərbaycanın 85 şəhər və rayon icra hakimiyyəti tərəfindən “Yaşıl bir dünya üçün həmrəy olaq!” şüarı altında keçiriləcək ağacəkmə aksiyasına bu gün start verilib.

Bu münasibətlə Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən Naxçıvan-Sədərək magistral yolunun 3-cü kilometrliyində ağacəkmə aksiyası keçirilib. İcra hakimiyyətinin və tabeli idarə, müəssisə və təşkilatların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə təşkil edilən aksiyada 2000-dən artıq meşə və meyvə tingləri əkilib, təbiətə qayğı təbliğ olunub.

Aksiyanın əvvəlində Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini icra edən, Əhməd Vəliyev çıxış edərək 18 Oktyabr “Müstəqilliyin Bərpası Günü”münasibəti ilə aksiya iştirakçılarını təbrik edib. Bildirib ki, 10 gün ərzində keçiriləcək ağacəkmə aksiyasında Naxçıvan şəhəri ərazisində ümumilikdə 12300-dən artıq ağac və kollar əkiləcək. ‎