Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib -

Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib - FOTO

23 Aprel 2024

Naxçıvanda baramaçılığın inkişaf etdirilməsi məqsədilə hazırlanan pilot layihənin icrasına başlanılıb. Layihəyə uyğun olaraq ilkin kümçülər müəyyənləşdirilib, kümxanalar hazırlanıb, Çin Respublikasından 30 qutu ipəkqurdu toxumu gətirilib. Gətirilən toxumlar Akademik Həsən Əliyev adına Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunda inkubasiyaya qoyulub. İnkubasiyadan əldə olunmuş ipək qurdları may ayının birinci on günlüyünə qədər kümçülərə əvəzi ödənilmədən paylanılacaq.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, baramaçılıq və ipəkçilik vaxtilə Naxçıvanda məhşur olub və əhalinin əsas məşğuliyyət növlərindən biri hesab edilib. Lakin, son illərdə bu fəaliyyət tamamilə dayandırılıb, bu sahədə fəaliyyət göstərən müəssisələr yararsız hala düşüb. Sahənin yenidən bərpası, o cümlədən əhalinin məşğulluğunun artırılması məqsədilə 2023-cü ilin əvvəllərindən başlayaraq təhlillər aparılıb. Aparılan təhlillərin nəticəsində yem bazasında çatışmazlıqlar müəyyən olunub. Bu səbəbdən yeni tut bağlarının salınmasına başlanılıb. İlkin olaraq  Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi ilə birgə Ordubad rayonunun Əylis kəndində 1,2 ha ərazidə Türkiyə Respublikasından gətirilmiş 600 tut tinglərindən ibarət  "Türkiyə-Azərbaycan İpək Bağı" salınıb. Bununla yanaşı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə 20 min, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq alınan 18 381 tut tingi əkilib.

Bütün bunlar barama istehsalında yüksək və keyfiyyətli  məhsul əldə etmək üçün yetərli deyil. Bu səbəbdən ipəkqurdlarının yem bazasının gücləndirilməsi, uzun illər ipəkqurdlarının bəslənməsi vərdişlərindən uzaq düşmüş əhalinin bilik və bacarıqlarının artırılması, kümxanaların və baramaqurutma məntəqələrinin, eləcə də gələcəkdə digər əlaqəli müəssisələrin yaradılması istiqamətində işlər davam etdiriləcək.

Mənsurə Hümbətova