Naxçıvan teatrının kollektivi Beynəlxalq Teatr Festivalında iştirak edib -

Naxçıvan teatrının kollektivi Beynəlxalq Teatr Festivalında iştirak edib - FOTO

26 Sentyabr 2024

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının kollektivi Türkiyənin Dənizli şəhərində keçirilən 36-cı Beynəlxalq Teatr Festivalında iştirak edib.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Naxçıvan Dövlət Milli Dram Teatrının direktor müavini Səməd Canbaxsiyev bildirib.

O qeyd edib ki, bu cür festivallarda iştirak iki qardaş ölkə arasında mədəni əlaqələrin inkişafında rol oynayır.

Gənc rejissor Mir Qabil Əkbərovun quruluşunda Viktor Hüqonun "Edama məhkumun son günü" tamaşası ilə festivala qatılan kollektiv öz oyunu ilə tamaşaçıların rəğbətini və alqışını qazanıb.

Dənizli Böyükşəhər Bələdiyyəsi Nihat Zeybekci Kültür ve Konqre Mərkəzinin 500 nəfərlik Fatma Yıldız salonunda sərgilənən oyunda Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Səməd Canbaxşiyev, aktyorlar Məmməd Mehdiyev və Uğur Nəsirli iştirak edib.

Edama məhkum olunan bir insanın sonuncu günü yaşadıqları hisslər Səməd Canbaxşiyevin ifasında çox təbii və inandırıcı görünür. Bir saat davam edən oyun dinamik və gərgin mizanlarla yadda qalır.

Tamaşadan sonra Dənizli Böyükşəhər Bələdiyyəsinin sədr müavini Ali Marım gözəl oyun üçün naxçıvanlı aktyorlara öz təşəkkürünü bildirib və xatirə hədiyyəsi bağışlayıb.

Kollektiv sentyabrın 27-də Naxçıvana dönəcək.