Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin saytı AzStateNet şəbəkəsinə köçürülüb

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin saytı AzStateNet şəbəkəsinə köçürülüb

23 May 2023

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının internet səhifələrinin “GOV.AZ” zonasında qeydiyyatdan keçirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir. Həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin elektron informasiya resursu yeni “nculture.gov.az” domen adı ilə AzStateNet şəbəkəsinə köçürülüb.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, Mədəniyyət Nazirliyin rəsmi internet saytı Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mühəndis-proqramçıları tərəfindən müasir proqramlaşdırma dillərindən istifadə edilərək hazırlanıb.

Yenilənmiş internet səhifəsinin SSL (təhlükəsizlik) sertifikatı ilə təmin olunması, optimizasiyası (SEO-Search Engine Optimization) axtarış sistemlərinə uyğunlaşdırılması, Google axtarış sistemində qeydiyyatdan keçirilməsi və axtarış sistemlərində ön sıralarda tapılması üçün Nazirliyin mühəndisləri tərəfindən zəruri texniki tədbirlər həyata keçirilib. Həmçinin, saytın domen ünvanı da müvafiq qaydada yenilənməklə “GOV.AZ” domeninə bağlı e-poçt adresi ilə təmin ediləcəkdir.

Dizayn, quruluş və məzmun baxımından zəruri tələblərə cavab verən yeni internet səhifəsi dövlət orqanının fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin, bu sahədə olan yeniliklərin, həyata keçirilən tədbirlərin daha dolğun və operativ şəkildə ictimaiyyətə çatdırılmasını təmin edəcəkdir.