Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş olub

Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş olub

17 May 2024

Bu il Azərbaycan Dövlət Pantomima Teatrının fəaliyyətə başlamasının 30 ili tamam olur. Bu münasibətlə mayın 17-də Mədəniyyət Nazirliyində teatrın kollektivi ilə görüş keçirilib.

Nazirlikdən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirilib ki, mədəniyyət naziri Adil Kərimli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə mədəniyyət sahəsinin inkişafına xüsusi diqqət və qayğı göstərildiyini deyib. Qeyd edib ki, teatr sahəsi də dövlətimizin başçısının diqqət mərkəzindədir.

Bildirilib ki, ötən gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına “milli” statusunun verilməsi bu sahəyə olan qayğının parlaq təzahürüdür.

“Pantomima teatrının müasir Azərbaycan səhnə sənəti salnaməsində məxsusi yeri var. Yaradıcı kollektivin təqdim etdiyi yeni teatr estetikası təkcə ölkəmizdə deyil, eyni zamanda, bir sıra ölkələrdə də maraq və rəğbətlə qarşılanır. Digər teatrlarımız kimi, Pantomima teatrının da fəaliyyəti dövlətimizin başçısı tərəfindən yüksək qiymətləndirilib, əməkdaşlar bir sıra dövlət təltiflərinə layiq görülüblər”, - deyə nazir vurğulayıb.

Teatrın bədii rəhbəri Xalq artisti Bəxtiyar Xanızadə çıxışında teatrın fəaliyyətinə verilən dəyərə görə minnətdarlığını bildirib. Onun sözlərinə görə, kollektiv son aylarda 4 beynəlxalq festivalda uğurla iştirak edib.

Xalq artistləri Hacı İsmayılov, Nurəddin Mehdixanlı, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə və digərləri çıxış edərək Pantomima teatrının kollektivini təbrik edib, yeni səhnə uğurları arzulayıblar.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə diqqətə çatdırıb ki, rəhbəri olduğu sənət ocağına “milli” statusunun verilməsinin maddi və mənəvi baxımdan vacib əhəmiyyət daşımaqla yanaşı, kollektiv üçün böyük məsuliyyətdir.

Görüşdə yubiley münasibətilə teatrın kollektivinə Mədəniyyət Nazirliyinin Fəxri diplomu təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Dövlət Pantomima Teatrı 1994-cü il mayın 16-da Mədəniyyət Nazirliyinin sərəncamı ilə “Dəli yığıncağı” Pantomima teatr-studiyası kimi yaranıb və Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərib. Teatrın əsası Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Xalq artisti Bəxtiyar Xanızadə tərəfindən qoyulub. 2000-ci ildə teatr-studiyaya “dövlət” statusu verilib.

Teatrın repertuarında Azərbaycan və dünya ədəbiyyatı klassiklərinin əsərləri ilə yanaşı, müasir müəlliflərin də yaradıcılıq nümunələri yer alır. Kollektiv qatıldığı çoxsaylı beynəlxalq festivallarda ölkəmizin teatr mədəniyyətini layiqincə təmsil edib, uğurlara imza atıb.