“Konstitusiya və Suverenliyimiz yolumuzun işıqlı tarixidir" adlı tədbir keçirilib - FOTO
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş, "Konstitusiya və Suverenlik İli"nin elan edilməsi ilə əlaqədar fevralın 4-də Şərur rayon Dizə kəndində “Konstitusiya və Suverenliyimiz yolumuzun işıqlı tarixidir" adlı tədbir keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, əvvəlcə Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Şərur Rayon İcra Hakimiyyəti başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Müşfiq Əsədov çıxış edərək bildirib ki, Azəbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması tarixi əhəmiyyət kəsb edir. Qeyd edilib ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi Konstitusiyamızın qəbul edilməsinin 30-cu, Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü ilə əlaqədar ölkəmizin tarixi nailiyyətlərini, Konstitusiyamızın qüdrətini və tam suverenliyimizin bərpasını vurğulayan əlamətdar hadisədir.
Şərur Rayon Prokurorluğunun böyük müstəntiqi Jalə İbrahimova bildirib ki, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətin hüquqi əsaslarını formalaşdırdı. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiya Azərbaycanın müstəqilliyini möhkəmləndirən və onun gələcək inkişaf yolunu müəyyən edən əsas sənəd kimi tarixə düşdü. Qeyd olunub ki, Azərbaycan xalqının milli qürurunu, azadlıq mübarizəsində qazandığı nailiyyətləri nümayiş etdirmək üçün tarixi bir imkandır.
Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının məsləhətçisi Cahandur Məhərrəmov qeyd edib ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olunub.