Kəngərlidə minifutbol meydançasının açılış tədbiri keçirilib -

Kəngərlidə minifutbol meydançasının açılış tədbiri keçirilib - FOTO

06 Noyabr 2024

Noyabrın 6-sı Kəngərli rayonu Qıvraq qəsəbəsində yerləşən minifutbol meydançasının yenidənqurma işlərindən sonra rəsmi açılışı olub. Tədbirdə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Məcid Seyidov, rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov, rayondakı aidiyyəti qurumların məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, məşqçi və idmançılar iştirak edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə çıxış edən icra başçısı Kamal Ələkbərov Qabıllı kəndindən sonra rayonda özəl investisiya hesabına ikinci minifutbol meydançasının istifadəyə verilməsini idmanın inkişafı ilə yanaşı, sahibkarlığa göstərilən dövlət qayğısının təzahürü kimi qiymətləndirib, bu hadisəsinin ümumilikdə rayon sakinlərinin sağlamlığına, asudə vaxtının səmərəli təşkilinə mühüm töhfə olduğunu deyib. Gənclər və İdman Nazirliyinin hüquqi yardımı və müvafiq addımlarının önəmindən bəhs edən Kamal Ələkbərov birgə əməkdaşlığın, işgüzar əlaqələrin nəticəsi kimi əvvəlki yararlı vəziyyətinə qaytarılan, şəraiti daha da artırılan bu meydançanın ərsəyə gəlməsində əməyi keçənlərə, öz öhdəliklərini lazımi qaydada yerinə yetirən sahibkara təşəkkür edib. İcra başçısı sözügedən məkanın futbolçu hazırlığının yüksəldilməsinə, sakinlərin sağlam həyat tərzinə təşviqinə, ümumilikdə rayonun idman həyatında canlanmaya səbəb olacağını vurğulayıb.

Nazir müavini Məcid Seyidov Naxçıvan Muxtar Respublikasının sosial iqtisadi inkişafına dair 2023-2027-ci illər” üçün Dövlət Proqramı və dövlət idman siyasətinə uyğun olaraq Naxçıvanda idman infrastrukturunun daha da gücləndiriləcəyini diqqətə çatdırıb, yaxın gələcəkdə görüləcək işlərdən bəhs edib. Qeyd olunub ki, birbaşa dövlət xətti ilə nəzərdə tutulan işlərin icrası ilə paralel olaraq eyni məqsəd və hədəflər istiqamətində sahibkarlarla da iş aparılır, onlara hüquqi yardımlar göstərilir. Bu ilin iyun ayında nazirliyin Kəngərlidə keçirdiyi vətəndaş qəbulu zamanı rayon sakini Söhrab Həsənlinin müraciətini xatırladan Məcid Seyidov bildirib ki, vətəndaşın meydançadakı problemləri şəxsi vəsaiti hesabına aradan qaldırmaqla icarəyə götürmək istəyi tərəfimizdən yüksək qiymətləndirilib, aparılmış müzakirə və məsləhətləşmələrdən sonra hüquqi prosedur başladılıb, sahibkarlıq fəaliyyətinə dövlət dəstəyi göstərilib. Nazir müavini əhalinin, xüsusən də gənc nəslin idmana təşviqi və idman xidmətlərinin əlçatanlığı baxımından meydançanın əhəmiyyətini önə çəkib, sahibkarla bağlanmış müqavilə öhdəliyinə uyğun olaraq meydançada idman yarışlarının və məşqlərin keçirilməsi üçün təmənnasız şərait yaradılacağını diqqətə çatdırıb.

Rəsmilər rayon ictimaiyyətini, idmançıları minifutbol meydançasının yenidən fəaliyyətə başlaması, eyni zamanda qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edib, sakinlərin yaradılan şəraitdən səmərəli şəkildə yararlanacaqlarına inamlarını ifadə ediblər.

Sahibkarın atası Nəcəf Həsənli göstərilən dövlət dəstəyinə görə minnətdarlıq edib, rayondakı bu infrastruktur yeniliyinin ilk növbədə insanların sağlam həyat tərzinə təşviqinə xidmət edəcəyini bildirib. Məşqçi-müəllim Seyidov Mirhəşim meydançanın hazırkı vəziyyətinin uşaq və gəncləri sevindirdiyini, məşqlərin və yarışların keçirilməsi üçün əlverişli olduğunu deyib, göstərilən diqqət və qayğıya görə təşəkkür edib.

Çıxışların ardınca rəsmilər yaradılan şəraitlə tanış olub, sonra yoldaşlıq oyununu izləyiblər.

Qeyd edək ki, avqustun 31-də yenidənqurma və bərpa prosesinə start verilən meydançada ötən müddət ərzində ot örtüyünün döşənməsi, projektorların yenisi ilə əvəzlənməsi, boyama və digər zəruri işlər icra olunub. Meydançanın ətrafında soyunub-geyinmə otağı inşa olunub. İnşaat işləri paytaxt Bakıda fəaliyyət göstərən özəl şirkətin işçi qrupu tərəfindən həyata keçirilib.