NMİ-nin təşkilatçılığı ilə "8 Noyabr-Zəfər Günü"nə həsr olunmuş tədbir keçirilib - FOTO
Noyabrın 7-də Naxçıvan Müəllimlər İnstitutu Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “8 Noyabr-“Zəfər Günü”nə həsr olunmuş “Xaribülbül Qoxulu Zəfərimiz” adlı tədbir təşkil edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə ilk olaraq Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının müstəqilliyi və suverenliyi uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, ardınca Dövlət Himni səsləndirilib,
Tədbirdə institutun rektoru Azad Novruzov qonaqları, şəhid ailələrini, qaziləri və tədbir iştirakçılarını salamlayıb, mövzu ətrafında çıxış edib. Vurğulayıb ki, bugünkü bayram tədbirinin təşkil olunmasında əsas məqsəd şəhidlərimizə olan hörmət və ehtiramı bir daha göstərmək, daim şəhid ailələrinin, qazilərimizin yanlarında olduğumuzu çatdırmaqdır. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında "Zəfər Günü" kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır. Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib. Azad Novruzov bu şanlı Zəfərə, tarixi Qələbəyə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, onun rəhbərliyi altında torpaqlarımızı azad edən oğullarımıza, canlarını Vətən üçün fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə minnətdar olduğunu söyləyib. Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri, İyul döyüşləri, 44 günlük Vətən müharibəsində, eləcə də antiterror əməliyyatlarında şəhid olan qəhrəman oğullarımızın heç zaman unudulmayacağından bəhs edib.
Rektor çıxışının sonunda tədbir iştirakçılarını və bütün Azərbaycan xalqını bu bayram münasibətilə təbrik edib, bu Qələbənin Azərbaycan tarixində əbədi qalacağını deyib.
Rəsmi hissə yekunlaşdıqdan sonra NMİ və NDU Musiqi Kollecinin tələbələrinin birgə hazırladıqları bədii hissəyə baxış olub. Gənclər tədbir iştirakçılarına qürurlu anlar yaşadıblar.