Heydər Əliyev Muzeyində növbəti seminar-treninq keçirilib - FOTO
Noyabrın 15-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Muzeyində muzey əməkdaşları üçün seminar-treninq keçirilib. “Görkəmli şəxslərin irsinin təbliğində və qorunmasında muzeylərin rolu” mövzusunda keçirilən seminar-treninqi giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Aparatının mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Əsədova bildirib ki, muzey işinin yaxşılaşdırılması və tamaşaçılara yüksək muzey xidmətinin göstərilməsi məqsədilə nazirlik tərəfindən mütəmadi olaraq seminarlar və seminar-treninqlər təşkil olunur. Seminar-treninqlər muzey əməkdaşlarının qarşılıqlı fəaliyyətinin təmin edilməsinə, onların bütün muzeyləri yaxından tanımasına, eləcə də müəyyən mövzular üzrə müzxakirə aparmaqla muzey işi sahəsində fəaliyyətin günün tələbləri səviyyəsində qurulmasına xidmət edir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, muxtar respublikamızda fəaliyyət göstərən muzeylərdə profilə uyğun olaraq tarixi və görkəmli şəxslərin həyat yolunu və yaradıcılığını özündə yaşadan maddi-mədəniyyət nümunələri qorunub saxlanılır və gələn tamaşaçılara təqdim olunur. Bu maddi-mədəniyyət nümunələrinin qorunub saxlanılmasında, gələcək nəsillərə ötürülməsində və daha dərindən tədqiq olunmasında muzey əməkdaşlarının üzərinə mühüm işlər düşür.
Sonra Heydər Əliyev Muzeyinin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Ramil Orucəliyev “Heydər Əliyev və Azərbaycan muzeyləri” mövzusunda çıxış edərək bildirib ki, Azərbaycanda mədəniyyətin, eləcə də muzeylərin inkişafı məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1980-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın bir çox bölgələrində, eləcə də muxtar respublikamızda tarix-diyarşünaslıq muzeylərinin əsası qoyulmuş,muzey əməkdaşlarının maddirifahı yaxşılaşdırılıb.
Tədbirin sonunda muzeyin ekspozisiyasına baxış keçirilib.