Gənclər üçün aktual olan daha bir mövzu müzakirəyə çıxarıldı - FOTO
Aprelin 15-i Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatında könüllülərin iştirakı ilə "Gənclərin qərarvermə azadlığı və ailə tələbləri" mövzusunda dəyirmi masa təşkil olunub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən tədbirdə psixoloji yanaşmalar diqqətə çatırılıb, açıq fikir mübadiləsi əsasında müzakirələr aparılıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, tədbirin əvvəlində nazirliyin şöbə müdiri İlahə Haqverdiyeva tədbir əhəmiyyəti barədə fikirlərini bölüşüb. Əlavə edib ki, gənc nəslin asudə vaxtını səmərəli təşkil etmək, gənclərin şəxsi və psixoloji inkişafına, huquqlarının öyrənilməsinə zəmin yaratmaq, milli dəyərlərə bağlılığını artırmaq və digər istiqamətlərdə müxtəlif tədbirlər həyata keçirilir, o cümlədən müzakirə tipli görüşlər təşkil olunur.
Tədbirə qonaq qismində dəvət olunan klinik psixologiya üzrə fəlsəfə doktoru, dosent Ayaz Seyidli mövzu ilə bağlı yanaşmalarını diqqətə çatdırıb. Mütəxəssis gənclərin şəxsi azadlıq və huquqları, düşüncələri, hədəf və planlarının ailə tələbləri, ümumilikdə ailə dəyərləri sistemində düzgün tənzimlənməsi barədə danışıb, mövcud çətinliklərin aradan qaldırılması ilə bağlı tövsiyyələr edib.
Diskussiya formatında keçən tədbirdə gənclərin fikir və düşüncələri öyrənilib, onları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.