Emin Əmrullayev: Məktəblərdə metodik xidmət çatışmır
Müşahidələrimiz IV və VI sinfin sonunda 20-30 faiz şagirdin tədris proqramını yaxşı mənimsəyə bilmədiklərini deməyə əsas verir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 10-da Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gün məktəblərdə metodik xidmət çatışmayan məsələdir: "Bunun səbəbini tapana qədər çox sayda insan nə işlə məşğul olur?! IX sinifdə pis nəticələri görürük. Bu laqeydlik, resurs çatışmazlığı və ya nədən irəli gəlir?! Müəllim şagirdə zəruri biliyi verməlidir. Müəllim də bunu valideyn və digər ətrafdakı resurslarla birlikdə etməyi bacarmalıdır. Bizə bu məsələdə maneə olan məqamı tapmaq lazımdır".
Nazir bildirib ki, mayın 31-dən sonrakı tədris ilinin bitməsinə qalan son iki həftədəki səmərəlilik aşağı düşür: "Həmin ərəfədə sanki yay tətilinə tələsmək təəssüratı yaranır. Bu məsələni tənzimləmək və qaydasına qoymaq lazımdır. Tədrisin istənilən səviyyədə davam etdirilməsi üçün müəllim, məktəb və direktora nə mane olur?! Məktəb rəhbərindən çox şey asılır. Görünən odur ki, sanki məktəbdəki təlim bir tərəfdə qalıb, inzibati işlər əsas olub. İnzibati işlə pedaqoji işə sərf olunan vaxtdan daha çox məşğul olunur. Necə edək ki, pedaqoqlarımız şagirdlərin təlimi ilə məşğul olsun. Şagirdlər dərsini və verilən tapşırıqları yaxşı öyrənirsə, bəlkə o zaman əlavə işlərlə məşğul olmaq olar. Hansısa jurnalı düz yazmaq yaxşıdı yoxsa şagirdin nəyisə düzgün anlayıb öyrənməsini təmin etmək?!"