“20 Yanvar - Qəhrəmanlıq və Qürur günümüzdür” mövzusunda tədbir keçirilib - FOTO
“20 Yanvar - Qəhrəmanlıq və Qürur günümüzdür” mövzusunda 13-16 yanvar tarixlərində Naxçıvan şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərində və körpələr evi – uşaq bağçalarında qrafik əsasında bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Bu qrafikə əsasən növbəti tədbir yanvarın 14-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 11 nömrəli körpələr evi – uşaq bağçasında keçirilib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov, Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşları Esmira Həsənova və Rahimə İbrahimova, bağçanın tərbiyəçiləri və uşaqları iştirak ediblər.
11 nömrəli körpələr evi – uşaq bağçasının müdiri Tamella Quliyeva giriş sözü ilə çıxış edərək tədbirin mahiyyətindən söz açıb. Daha sonra “20 Yanvar Qəhrəmanlıq və Qürur günümüzdür” mövzusunda çıxışlar dinlənilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, xalqımız 20 Yanvar hadisələrinin 35-ci ildönümünü igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Biz 20 yanvar tarixini milli matəm, hüzn günü kimi yox, milli iftixar hissi ilə yad edirik. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanların qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Qanlı Yanvar hadisələri Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi tarixin yaddaşına köçdü. 20 Yanvar faciəsi bizi yumruq kimi birləşdirdi və bütün dünya azərbaycanlılarının gücünü, vətən sevgisini göstərdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu, Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu.
Çıxışlar dinlənildikdən sonra 11 nömrəli körpələr evi – uşaq bağçasının balaca fidanları tərəfindən vətənpərvərlik ruhunda şeirlər səsləndirilib, kompozisiyalar göstərilib və şəhidlərin xatirələri anılıb.
Sonda tədbir iştirakçıları ilə birgə xatirə şəkili çəkdirilib.