Əmək artist Bəhruz Haxverdiyevin doğum günüdür -

Əmək artist Bəhruz Haxverdiyevin doğum günüdür - FOTO

27 Yanvar 2025

Bəhruz Haxverdiyev Naxçıvan teatrında 1982-ci ildən bu yana aktyor kimi fəaliyyət göstərir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, sənətkar öz zəngin yaradıcılığı ilə Azərbaycanın mədəni həyatına dəyərli töhfələr vermişdir. Orta təhsilli olmasına baxmayaraq, böyük istedadı və zəhməti ilə sənət aləmində özünə layiqli yer tutmuşdur.

2000-ci ildə Naxçıvan Muxtar Respublikasının əməkdar artisti fəxri adına layiq görülən aktyor, illər boyu tamaşaçıların yaddaşında dərin izlər buraxan müxtəlif obrazlar yaratmışdır. Onun səhnədə canlandırdığı H.Cavidin "İblis" əsərində Vasif, Ü.Hacıbəyovun "Arşın mal alan" əsərində Vəli, C.Məmmədquluzadənin "Dəli yığıncağı"nda Şimrəli kimi rolları Azərbaycan teatr sənətinin ən yaddaqalan obrazlarından hesab olunur.

Aktyor həmçinin Naxçıvan teatrının repertuarında yer alan bir çox mühüm tamaşalarda əsas rolları məharətlə canlandırmışdır. Onun yaradıcılığında H.Arzulunun "Əlincə qalası"nda Qasım, Ə.Əylislinin "Vəzifə" əsərində Əjdər, A.Babayevin "Yarımçıq şəkil"ində Rüfət və digər rollar xüsusi yer tutur.

Bu fədakar aktyor 9 may 2012-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. Onun sənətə verdiyi töhfələr ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmiş və 30 aprel 2014-cü il, eləcə də 6 may 2023-cü ildə Prezident mükafatı ilə təltif olunmuşdur.

İncəsənətə ömrünü həsr etmiş bu sənətkar həmkarları və tamaşaçılar arasında böyük hörmət qazanmışdır. Onun səhnədəki uğurları və zəhməti gələcək nəsil aktyorlarına ilham mənbəyi olacaqdır.