Çin şirkəti Azərbaycanın bölgələrində peyk rabitəsi xidmətinə dəstək olacaq
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") müştərilərinə ənənəvi rabitə infrastrukturu olmayan uzaq bölgələrdə xidmət göstərəcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" Agentliyə istinadən xəbər verir ki, bu xidmətlər “Azconnexus” peyk internet platforması və “StarWin” mobil peyk terminalları vasitəsilə təmin ediləcək.
Bununla bağlı "Azərkosmos"la Çinin qlobal terminal istehsalçısı olan “StarWin” şirkəti arasında müqavilə imzalanıb.
“StarWin” şirkətinin terminalları həm hərəkətdə ("Communication on the Move"), həm də stabil formada ("Communication on the Pause") peyk rabitəsini təmin edən avadanlıqlardır.
Sözügedən terminallar hərəkətdə olan nəqliyyat vasitələrində dayanıqlı və kəsintisiz peyk rabitəsini təmin etmək imkanı yaradır. Stasionar halda peyklə əlaqənin qurulması üçün nəzərdə tutulan terminallar isə sürətli quraşdırılan və sökülən avadanlıqlardır. Bu terminalların üstünlüyü fövqəladə hallar zamanı çevik yayım üçün çox əlverişlidir. Bir sözlə, ekstremal hava şəraiti və ya ucqar ərazidə bu terminallar vasitəsilə sabit rabitəni təmin etmək mümkündür.