Bu gün Xalq artisti Bəhram Mansurovun anım günüdür
Muğamı qüsursuz səsləndirmək ifaçıdan fitri istedad, müstəsna məharət, nəzəri hazırlıq, xüsusi yaradıcılıq fəaliyyəti tələb edir. Muğam ifaçılığının prinsipial əməli əhəmiyyətini tam dərk edib qiymətləndirmək üçün Xalq artisti, məşhur tarzən Bəhram Mansurovun sənəti olduqca səciyyəvidir. Bu qüdrətli ustad musiqiçinin çalğısı böyük sələflərinin zəngin yaradıcılıq təcrübəsini hifz edərək muğamı həqiqi öz ləyaqətində səsləndirməyin kamil nümunəsidir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu gün görkəmli tarzən, muğamların mahir ifaçısı, Xalq artisti Bəhram Mansurovun vəfatından 39 il ötür.
Klassik Azərbaycan muğamlarının qorunub saxlanılmasında və təbliğində böyük xidmətləri olan Mansurovlar sülaləsinin nümayəndəsi Bəhram Mansurov 1911-ci ildə İçərişəhərdə dünyaya göz açıb.
Tarzən ailəsində dünyaya gələn Bəhram, Mansurovlar nəslinin musiqi ənənələrinin davamçısı olmaq şansı qazanmışdı. Mansurovların musiqi aurası Bəhramın peşəkar tarzən kimi püxtələşməsində böyük rol oynadı. Mahir tarzən olan atası Məşədi Süleyman oğlunun tara meylini görüb deyərdi: “Sən tar çalmağı tez öyrənəcəksən. Muğam sənin qanındadır”. Ata yanılmadı. Zaman onun nə qədər haqlı olduğunu göstərdi.
Bəhram səkkiz yaşından arzularını tarın kövrək tellərində köklədi. On doqquz yaşı olanda Müslüm Maqomayev onu Xalq Çalğı Alətləri Orkestrinə, daha sonra isə Opera və Balet Teatrına solist-tarzən kimi dəvət etdi. 1929-cu ildən Azərbaycan Dövlət Şərq Orkestrinin, sonralar Azərbaycan Dövlət Filarmoniyasının solisti oldu. Opera və Balet Teatrında Hüseynqulu Sarabski, Yavər Kələntərli, Hüseynağa Hacıbababəyov, Əlövsət Sadıqov, Həqiqət Rzayeva kimi korifeylərlə işlədi. Rübabə Muradova, Sara Qədimova, Əbülfət Əliyev, Gülxar Həsənova, Zeynəb Xanlarova, Mais Salmanov, Bakir Haşımov, Qulu Əsgərov, Arif Babayev, Nəzakət Məmmədova, Baba Mirzəyev və başqa sənətkarları müşayiət etdi.
Bəhram Mansurov ilk azərbaycanlı musiqiçidir ki, onun ifasında “Çahargah” və “Rast” muğamları nota alınıb, “Bayatı-Şiraz”, “Humayun”, “Şur”, “Bayatı-kürd”, “Çahargah” ilk dəfə UNESCO-nun xətti ilə vallara və CD-lərə yazılıb, bütün dünyaya yayılıb. O, 1978-ci və 1983-cü illərdə Səmərqənddə keçirilən Beynəlxalq Muğam Simpoziumunda Azərbaycanı təmsil edib.
Görkəmli tarzən 54 il Opera və Balet Teatrında çalışıb, muğam operalarında xanəndələri müşayiət edib. Onun ifasında olan bütün muğamlar, dəraməd, diringə, təsnif və rənglər oğlu Eldar Mansurov tərəfindən nota salınıb.
1971-ci ildə tanınmış görkəmli tarzən haqqında “Çalır Bəhram Mansurov” sənədli televiziya filmi çəkilib.
Xalq artisti Bəhram Mansurov 1985-ci il mayın 14-də, ömrünün 75-ci ilində vəfat edib.
Unudulmaz sənətkarın yaratdığı ölməz sənət inciləri bu gün də neçə-neçə gənc tarzənin yetişməsinə təkan verir, yol göstərir. Tar sənətimiz, muğamlarımız yaşadıqca, ölməz sənətkarımız Bəhram Mansurov da xatırlanacaq.