Azərbaycan millisi Qızıl Avropa Liqasına hazırlığı başa vurub

Azərbaycan millisi Qızıl Avropa Liqasına hazırlığı başa vurub

16 May 2024

Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Qızıl Avropa Liqasına hazırlığı başa vurub.

Voleybol Federasiyasından "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, təlim-məşq prosesinin son mərhələsini Sloveniyada keçən komanda bu gün yarışın ilk turuna ev sahibliyi edən Xorvatiyaya yola düşüb.

Maribor şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində voleybolçularımız Avstriya millisi ilə iki yoxlama oyunu keçiriblər. Oyunların birində heç-heçə (2:2) qeydə alınıb, digərində isə komandamız 1:3 hesabı ilə məğlub olub. Bu qarşılaşmalarda əsasən gənc voleybolçular çıxış ediblər.

Qeyd edək ki, yığma mübarizəyə mayın 17-də start verəcək. 17-19 may tarixlərində Xorvatiyada keçiriləcək ilk turda millinin rəqibləri meydan sahibləri və Slovakiya yığması olacaq. Mayın 24-dən 26-dək Rumıniyada keçiriləcək ikinci turda isə komandamız meydan sahibi ilə yanaşı, İsveç yığması ilə üz-üzə gələcək. Üçüncü tur 31 may - 2 iyun tarixlərində Azərbaycanda baş tutacaq. Doğma meydanda rəqiblər Estoniya və Avstriya yığmaları olacaq.