Azərbaycan “Antalya Yörük Türkmən Festivalı”nda milli təqdimat edəcək
Azərbaycan bu ilin 13-15 sentyabr tarixlərində Türkiyənin Antalya şəhərində keçiriləcək III Beynəlxalq Antalya Yörük Türkmən Festivalında təmsil olunacaq.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ölkəmizi Türkiyədəki səfirliyin nəzdində yeni yaradılmış Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edəcək.
Mərkəzdən bildirilib ki, festivalda Türk dünyasının hər yerindən yerli musiqi və rəqs şouları ilə həyəcanlı anlar yaşanacaq, milli çadırlar qurulacaq, Türk xalqları öz mədəniyyətləri, sənətlərini nümayiş etdirəcək, unudulmaqda olan əl işləri ustalarının əsərləri sərgilənəcək, ənənəvi türk mətbəxinin ləzzətləri dadılacaq və ənənəvi idman yarışları keçiriləcək.
Türk dövlətləri Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının iştirak edəcəyi festivala Türkiyənin əksər bölgələri, Antalya vilayətinin çoxsaylı turistləri də qatılacaq. Üç gün ərzində keçiriləcək festivalda iki yüz mindən artıq insanın iştirakı nəzərdə tutulub.
Bundan başqa, festivalda Bosniya və Herseqovina, Serbiya, Yunanıstan, Şimali Makedoniya, Bolqarıstan, Əfqanıstan, Suriya, İran, İraq, Ruminiya, Gürcüstan, Çin və Ukrayna da iştirak edəcək.
Azərbaycan Mədəniyyət Mərkəzinin təşkil edəcəyi çadırda ölkəmizin milli mədəniyyəti, incəsənəti, əl işləri geniş sərgilənəcək, qonaqlar milli şirniyyatlara qonaq ediləcək, konsert proqramında isə Azərbaycan musiqiləri və rəqsləri təqdim olunacaq.
Qeyd edək ki, Yörük mədəniyyətinin bütün rənglərini bir araya gətirən 3-cü Beynəlxalq Antalya Yörük Türkmən Festivalı Antalyanın Döşemealtı Düzlerçamı Karaman Piknik sahəsində keçiriləcək.