Ayaz İbrahimov: Şuşanın azad olunmasında iştirak edən...

Ayaz İbrahimov: Şuşanın azad olunmasında iştirak edən...

07 Aprel 2024

Ayaz Sultan oğlu İbrahimov 1998-ci il 10 iyun tarixində Naxçıvan Muxtar Respublikası Babək rayonunun Məmmədrza Dizə kəndində anadan olub . 2004 – 2015-ci illərdə orta təhsil alıb. 2016-cı ildə həqiqi hərbi xidmətə yollanıb. Xidmətini bitirdikdən sonra Vətən sevgisi Ayaz İbrahimovu yenidən hərbiyə geri qaytarıb. Belə ki, 2018-ci ildə Naxçıvan XTQ-də MAXE HQ olaraq işə başlayıb. İşlədiyi müddətdə xüsusi təlimlərdən müvəffəqiyyətlə keçib.
 
Vətən Müharibəsinə Naxçıvandan gələn XTQ heyətinə qoşulan Ayaz İbrahimov 20 gün ön cəbhədə vuruşub. Şuşa şəhərinin azad olunmasında iştirak edib, 9 noyabr 2020-ci il tarixində ağır qəlpə yarası alaraq qəhrəmancasına şəhid olub. Noyabr ayının 13-ü doğulduğu Babək rayon Məmmədrza Dizə kənd məzarlığında torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahimov Ayaz ölümündən sonra "Vətən uğrunda" medalı, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən “İgidliyə görə ” medalı, Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.