2000 km-lik yolu gəlməyə dəyər - Səməd Canbaxşiyev yazır
Bu il də İzmirin Manisa elinin Sart-Sardes qəsəbəsində keçirilən sayca 9-cu Beynəlxalq Dionis Teatr Şənliyi və Təlim Düşərgəsinə gəldim. Keçən il Naxçıvan Dövlət Milli Dram Teatrının 10 nəfərlik heyəti ilə qatılmışdıq bu mədəni tədbirə. Qəsəbədə “Xınayaxdı”, “Kos-kosa” oyunu ilə , düşərgədə isə Mehmet Ümit Görgülünün “Cibimizdəki dəlilik” psixoloji komediyası ilə ilk dəfə açıq havada , meydan tamaşası kimi çıxış elədik türkiyəli sənətkarların, düşərgə iştirakçılarının və təbii ki hər axşam Şənliyə gələn yerli sakinlərin önündə. Oyunumuz, Naxçıvan teatrının sənət ənənəsi bəyənilmişdi. İstər tamaşaçıların səmimi etirafları, istərsə də sonradan yerli mediada, sosial şəbəkədə yazılan fikirlər bunu deməyə əsas verir. Hətta yerli televiziyaların jurnalistləri sonradan məni öz verilişlərinə dəvət edərək gördüyümüz işlə bağlı yaxşı söhbətlər də elədilər. Hədəfimiz bir idi : Naxçıvan teatrının ənənlərini, Azərbaycan mədəniyyətini qardaş Türkiyənin daha çox “teatr bölgəsi” kimi tanınan Ege bölgəsində tanıtmaq. Haradasa buna nail ola bildik. Çünki bu il də həmin tədbirə dəvət aldıq.
...Bu dəfə isə müəyyən səbəblərdən mən tək gəlməli oldum. Amma yenə də bu il tədbirə qatılan iştirakçılara həm teatrımızla bağlı geniş məlumat, həm də Naxçıvan Muxtar Respublikasının 100 illiyi , bu muxtariyyətin əldə olunmasında bir əsr əvvəl Azərbaycan və Türkiyə diplomatlarının, Nəriman Nərimanov və Mustafa Kamal Atatürkün çəkiyi zəhmət və bunun Naxçıvan Teatrının səhnəsində “Araz sahilində doğan günəş” adlı əsərlə öz əksini tapmasını söylədim. Sənətə həmişə dəyər verən ümummilli lider Heydər Əliyevin “Bir millət,iki dövlət ” kəlamını və ölkələrimiz arasında bu gün də davam edən qardaşlıqdan danışdım. Eyni zamanda V. Hüqonun “Edama məhkumun son günü” tamaşasını tək aktyorun ifası kimi improvizə ilə təqdim elədim. Yəqin ki, bundan sonra bir sual doğa bilər: bəs bu tədbir necə təşkil olunur və məqsəd nədir?
Beynəlxalq Dionis Teatr Şənliyi və Təlim Düşərgəsi artıq 9 ildir ki Manisaya bağlı Salehlinin Sart –Sardes (Sart qəsəbənin indiki adı, Sardes isə tarixi adı olduğu üçün yanaşı işlədirəm) qəsəbəsində keçirilir. Bu tədbirin təşkilatçısı Azərbaycanda da teatr xadimlərinə yaxşı tanış olan Rasim Aşındır. Kimdir Rasim Aşın? Özü elə bu qəsəbədə anadan olan bir sənətkar, teatr sevdalısı. Rasim ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində alıb. Aktyor kimi müəllimləri Cənnət Səlimova və rəhmətlik Vaqif İbrahimoğlu olub. Hətta universiteti bitirəndən sonra 13il Bakıda yaşayıb və aktyor, rejissor, teatr tədqiqatçısı, pedaqoq kimi fəaliyyət göstərib. Təsadüfən Moskvada yaponiyalı bir teatr mütəxəssisi- Tadasha Suzuki ilə görüşəndən sonra , yapon sənətkar bildirib ki dünyada ilk teatr məhz Manisanın Sart-Sardes deyilən məkanında , qədim Lidiya çarlığının paytaxtında yaranıb. Dionisin şərəfinə ilk teatr tamaşası burada oynanılıb. Bu yeri mütləq ziyarət eləmək lazımdır. Faktı Alman Peter Stayna, rus teatr xadimi Peter Ustinov, ABŞ-lı Peter Brook da təsdiqləyib. Bundan sonra Rasim Aşın əvvəlcə Türkiyədəki insanların, sonra isə bütün dünyanın diqqətini bu fakta çəkmək üçün necə deyərlər, qolunu çırmalayıb. Həm Malatya Turqut Özal Universitetinin sənət müəllimi, həm aktyor, həm məddah, həm uşaq teatrının bilicisi, keçmiş jurnalist kimi bu işə başlayaraq sənət adamlarını bu qəsəbəyə, qədim mifologiyada xaos, bərəkət, şərab və teatrın hamisi olan tanrı Dionisin şərəfinə sənətin ətrafında birləşməyə, yenilikləri paylaşmağa, öz bacarığını göstərməyə dəvət edib.
...Və ən əsası bu işdə heç bir təmənna güdmədən, necə deyərlər “Sıfır büdcə ilə”. “Çadırını götür və gəl” devizi ilə keçirilən, çadırlarla əhatələnən Şənlikdə Türkiyənin tanınmış aktyor-pedaqoqları, teatr xadimləri, hətta özəl teatrların rəhbərləri belə məmnuniyyətlə iştirak edir, ustad dərsləri keçir, özləri də sənəti əhatə edən müxtəlif ustad dərslərinə qatılırlar. Bəlkə də dünyada yeganə daş səhnə buradadır. Çinar ağaclarının altında 20 metrin 10 metrə ölçüdə daşdan qurulan səhnənin dörd tərəfi də açıqdır. Yəni tamaşaçı üçün olan dördüncü divar istənilən tərəfə açıla bilər. Bu Şənlikdə qədim teatr üslubunu da, türk teatr sənətini də, yoqa təlimini də, səs məşğələlərini də, yazarlıq ustalığını da, him-cim, absurd teatrı, Stanislavskini, Brexti, Meyerxoldu, çin, yapon teatrını, efe-zeybək oyunlarını, musiqini, xalq teatrını, bir sözlə sənəti əhatə edən hər şeyi görmək olar. Bu ünlü insanlar isə sənətin xətrinə öz sirlərini ildə bir dəfə yalnız bu düşərgə-festivalda heç bir mənfəət güdmədən , təmənnasız paylaşırlar. Halbuki, bu onların məsləyi, necə deyərlər “ çörək ağacıdır”. Hətta insanlar bir süfrə arxasında oturub, öz yeməklərini bir biri ilə paylaşırlar.
Bu səmimiyyəti isə yaradan Rasim Aşındır. Rasim Aşın o qədər gözəl , əsl sənət atmosferi yaradır ki, sanki hər şey ətrafda "Teatr" kəlməsini pıçıldayır.
"Mən öz keçmişinə heykəl yonmağı
Alnına yazdıran ogullardanam",- deyirdi Azərbaycanın böyük şairi Məmməd Araz. Rasim Aşın da belə bir oğuldur. Öz doğulduğu məkanı, sənət məbədini təbliğ edir, sənətin bir parçasına, hətta mərkəzinə çevirir. Bu düşərgənin və şənliyin təmənnasız təşkilatçısı Rasim Aşın haqqında bir şey də deyə bilərəm, İlahi, insanda nə qədər sevgi olar ki, onu həm sənətə, həm də dostlara paylaya bilsin və yenə də artıq qalsın. Əslində bura toplanan sənət adamları sənətlə bərabər Rasim Aşının da işığına toplaşırlar. Təsəvvür edirsinizmi, hər gün onlarla insan- sonda yüzlərlə sənət adamı bura gəlir təlim verir, oyun sərgiləyir, özü də nə isə öyrənir və gedir, hamısı da Rasimi tanıyır, hamısını da Rasim qarşılayır, Rasim yola salır. Əlində telefonu hər dəqiqəni, hər anı lentə alır, fotosunu çəkir.
Burada hər kəs bir biri ilə Rasimin hesabına tanış olur . Türkiyənin müxtəlif yerlərindən, Azərbaycandan, İrandan gələnlər Rasim deyib, bura gəlirlər. Rasim Asın sanki sənəti və insanları birləşdirən bir dəyərdir! Çox istərdim ki, Azərbaycanda belə bir festival, düşərgə, şənlik təşkil edilsin. Amma , hanı bizim tərəflərin Rasim Aşını?...
P.S. Naxçıvandan Sardesə 2000 km yoldur, avtobusla haradasa 30 saata gəlmək olur. Amma bu yolu gəlməyə dəyər. Bir tərəfdə qədim Artemis məbədi,bir tərəfdə yerin altında itən qədim amfiteatr, bir tərəfdə yaşı min illərə çatan Gimnazium binası, bir tərəfdə qədim sikkələrin-paranın basıldığı zərbxana, bir tərəfdə isə suyunda qızıl zərrəcikləri üzən əfsanəvi Paktolos çayı...
Səməd Canbaxsiyev
Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti