
Naxçıvanda nikah və boşanmaların statistikasında vəziyyət necədir? - MÜSAHİBƏ
Gənclər ailə qurarkən bir ömür boyu bir-birini sevəcəklərinə, hər zaman dəstək olacaqlarına özlərini inandırsalar da, zaman keçdikdə bir çox səbəblərdən münasibət boşanma ilə nəticələnə bilir. Statistik göstəricilərə görə, son illər Azərbaycanda boşanan cütlüklərin sayı artıb. Sosial həyatdakı dəyişikliklər boşanma nisbətlərinin artmasının səbəblərindən biridir. Statistik hesabatlara görə nikahın pozulması ilə bağlı müraciət edənlərin əksəriyyəti qadınlardır. Bəzən kişilərdə narkotik, alkoqol, və digər zərərli vərdişlərin olması, onlar tərəfindən məişət zorakılığının edilməsi səbəbindən qadınların daha çox boşanma üçün müraciət etmələri müşahidə olunur. Boşanmaya səbəb kimi göstərilən məsələlərə qısqanclıq, maddi imkanla bağlı ailədə yaranan narazılıqlar, kənar təsirlər - qaynana, baldız və qohumların ailə məsələlərinə müdaxiləsi və digər nüansları qeyd etmək olar. Son zamanlar əfsuslar olsun ki, sosial şəbəkələr də boşanmalara gətirib çıxaran səbəblər arasındadır.
Bəzən məsələlərin kökünü araşdırdıqda tərəflər arasındakı nikahın pozulması üçün çox da ciddi səbəblər olmadığını və qarşılıqlı müzakirələr nəticəsində aradan qaldırıla biləcəyini görürük. Bəzənsə, əslində tərəflərin heç biri boşanmaq istəmir. Sadəcə kiçik bir məsələdən yaranan mübahisələr münasibətləri daha da pisləşməyə doğru aparır. Halbuki vaxtında həmin problemi həll etməklə məşğul olunsa ailənin dağılma təhlükəsini aradan qaldırmaq olardı. Diqqət etsək insanlar çox zaman tək bir hadisə səbəbindən boşanmaq qərarına gəlmirlər. Hər münasibətdə boşanmaq səbəbləri fərqli olsa da, əslində bunun zamanla üst-üstə gələn proseslər nəticəsində olduğu görülür.
Mütəxəssislərin fikrincə gənclərin nikaha daxil olmamışdan əvvəl evlilik terapiyası almaları məqsədəmüvafiq olar. Yetkinlik yaşına çatmayan uşaqları olan ailələrin isə boşanmaq üçün qərar verməzdən öncə psixoloji yardım alması vacibdir.
"NAXÇIVANXƏBƏRLƏRİ" boşanmaların sayı və uzunmüddətli ailələrin təməlləri ilə bağlı araşdırma aparıb. Mövzu ilə bağlı Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat şöbəsinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti bölməsinin rəisi Reyhan Sadiqova muxtar respublikada nikahların pozulması ilə bağlı statistik rəqəmlərin o qədərdə yüksək olmadığını vurğulayıb. Qeyd olunub ki, muxtar respublikada Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ötən ilin ilk doqquz ayı ərzində 418 boşanma, 1148 nikah qeydə alınıb. Müvafiq olaraq cari ilin həmin dövrü ərzində 567 boşanma və 1178 nikaha daxilolma halları qeydə alınıb.
Əlavə olaraq müsahibimiz qeyd edib ki, boşanmalarla bağlı statistikaya nəzər saldıqda qadınların daha çox 26-35 yaş, kişilərin 36-45 yaş aralığında boşanmaya müraciət etdiklərini görürük. Nikaha daxil olmaq üçün isə qadınlar 18-25, kişilər daha çox 26-35 yaş aralığında müraciət ediblər.
Mənsurə Hümbətova