Xocalı soyqırımının 32-ci ildönümü qeyd olunub -

Xocalı soyqırımının 32-ci ildönümü qeyd olunub - FOTO

26 Fevral 2024

Naxçıvan Şəhər İcra Hakimiyyətində bu münasibətlə keçirilən tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, İcra hakimiyyəti aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Orxan Məhərrəmov çıxış edərək bildirib ki,1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tarixi Xocalı şəhərinə hücum edərək dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.

Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Bu unudulmaz faciəni - Xocalı soyqırımını hər il xalqımız böyük kədər və qəm-qüssə ilə anır, şəhidlərimizin ruhuna dualar oxunur.

Sonra Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri vəzifələrini icra edən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin sektor müdiri Gülxanım Orucova, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Tahir Məmmədli, Vətən müharibəsi qazisi Pərviz Muradov və 6 nömrəli tam orta məktəbin tarix müəllimi Azad Şirzadov mövzu ilə bağlı çıxış ediblər.

Bildirilib ki, artıq bir neçə ildir Xocalı soyqırımının ildönümü fərqli şəkildə qeyd olunur. Çünki ermənilər tərəfindən 30 il işğalda saxlanılan torpaqlarımız azadlığa qovuşub. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu düşməni işğal etdiyi ərazilərimizdən qovdu. Xocalı soyqırımı qurbanlarının, həmçinin digər şəhidlərimizin qisası alındı.

Daha sonra 8 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi Duyğu Abdullayeva "Xocalı" şeirini qiraət edib.

Sonda "Tarixin izi ilə - Xocalı soyqırımı" filminə baxış olub.

Mənsurə Hümbətova