Vüqar Gülməmmədov: "İqlim dəyişikliyinin təsirinin azaldılması büdcə vəsaiti ayrılmasını tələb edir"
İqlim dəyişikliklərinin təsirlərinin azaldılması və bu təsirlərə uyğunlaşma üçün fəaliyyətlərin icrası əhəmiyyətli maliyyə, o cümlədən büdcə vəsaitlərin ayrılmasını tələb edir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş “Hökumətlər iqlim sahəsində fəaliyyətlərində hansı mərhələdədirlər? – İqlimSkaneri qiymətləndirməsinin nəticələri” adlı tədbirdə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.
"Bu isə həmin vəsaitlərin məqsədyönlü istifadəsi, həmçinin şəffaflıq və hesabatlılığın təmin edilməsində ali audit orqanlarının (AAO) iştirakını qaçılmaz edir. Təsadüfi deyil ki, hazırda iqlim dəyişikliyinin yaratdığı risklərin fərqinə varan bir çox AAO üçün iqlim fəaliyyəti bir nömrəli ekoloji audit mövzusudur. Hesablama Palatası da fəaliyyətində qlobal çağırışlardan irəli gələn məsələləri xüsusi diqqətdə saxlayır. Son illərdə ətraf mühitlə bağlı məsələlər, o cümlədən iqlim fəaliyyətinin bəzi sahələri xüsusilə səmərəlilik auditlərimizlə əhatə olunub", - deyə o qeyd edib.
"Ümumiyyətlə apardığımız auditlər bu sahə üzrə bir sıra çağırışların olduğunu göstərir. Onların bir hissəsi audit institutu ilə, bir hissəsi isə auditin keçirildiyi mühitlə əlaqəlidir. Hesab edirik ki, bunların əksəriyyəti bütün ölkələrin AAO-ları üçün aktualdır. Misal olaraq yaşıl həllərin tətbiqinin bəzi hallarda ənənəvi standartlara uyğun gəlməməsi və milli qanunvericikdə dəyişikliklərin tələb olunması, iqlim fəaliyyəti ilə bağlı məlumatların çeşidi və vaxtında təqdim edilməsində problemlər, habelə etibarlı məlumatlara çıxışda çətinliklər, iqlim maliyyəsi ilə bağlı yaxşı hesab olunacaq təcrübə sayının çox olmaması, yaşıl büdcə ilə bağlı nəzəriyyə və praktik tətbiq arasında fərqlərin müşahidə edilməsi, iqlimlə bağlı audit standartlarının inkişaf mərhələsində olması, həmçinin auditorlarda bu sahə üzrə xüsusi bilik və bacarıqların formalaşmasına ehtiyac, iqlim auditinin miqyasının, habelə bu auditlərdə əhəmiyyətliliyin müəyyən edilməsində çətinliklər, audit proseslərinə qlobal çərçivələrin, xüsusilə Dayanıqlı İnkişaf Məqsədlərinin daxil edilməsi şəraitində hökumət əsaslı auditlərin sayının artımı üçün zərurət və s. göstərilə bilər", - deyə sədr əlavə edib.