Vətən üçün doğulub, Vətən üçün şəhadət edən qəhrəman
Tarix boyunca şəhidlik xalqımızın mənliyində yaşayan yüksək əxlaqi keyfiyyət olmuşdur. Xalqımız Vətən və müqəddəs dəyərlər naminə həmişə döyüşmüş, bu yolda ölməyi yaşamaqdan üstün tutmuşdur.
Ulu babalarımız döyüşə gedərkən şəhid olmaq üçün Allaha yalvarırdılar, bu uca məqama nail olmadıqda isə qəhrəmanlıq şərəfi ilə təsəlli tapırdılar. “Şəhadət şərbətini içmək” onların sarsılmaz imanı idi. Haqqında məlumat verəcəyim qəhrəmanımız Ceyhun Dünyamalıyevdə bu amalla yaşayıb sağlığında.
Bu gün Qəhrəman şəhidimiz Dünyamalıyev Ceyhunun şəhadətə ucalmasından 4 il ötür. Bu münasibətlə Qəhrəmanımızın dəfn edildiyi Culfa şəhər qəbristanlığında tədbir keçirildi.
Dövlət qurumlarının rəsmiləri, şəhid ailələri, məktəblilər, qazilər, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad etdik. Dövlət himni səsləndirildi.
Çıxışlar oldu. Culfa rayon İcra hakimiyyətinin səlahiyyətli şəxsləri, Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin sədri, şəhid Amin Gülməmmədovun atası Mayis Gülməmmədovun, şəhid Göydağlı Ramazanın atası Əbülfət müəllim, xidmət etdiyi hərbi hissənin zabitləri, Ceyhunla eyni zirvədə dəfn edilmiş Şəhid Leytenant Nəcəfov Yaqubun anası Xuraman müəllimə, Ceyhunun xalası oğlu, onunla yanaşı dəfn edilmiş Leytenant Məmmədli Nicatın anası Minayə xanım və digər çıxış edənlər cəsur döyüşçünün həyatı və döyüş yolundan danışdılar. Göstərdiyi qəhrəmanlıqlardan qürurla bəhs olundu. Məktəblilər şəhidimizə həsr edilmiş şeirlər səsləndirdilər.
Dünyamalıyev Ceyhun 1996-cı ildə oktyabrın 15 də Culfa şəhərində anadan olub. Şəhid 2003-cü ildə Culfa şəhərində 3-nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olaraq 2011-ci ildə 8-ci sinifi bitirdikdən sonra Heydər Əliyev adına Naxçıvan Hərbi Liseyinə qəbul olub. Ceyhun hərbi təhsilini 2014-cü ildən Heydər Əliyev Azərbaycan Ali Hərbi Məktəbində uğurla davam etdirib. 2018-ci ildə buranı bitirdikdən sonra ilk hərbi fəaliyyətinə Beyləqan rayon hərbi hissəsində rabitəçi olaraq başlayıb. Bir neçə ay sonra o, 052 Xüsusi Təyinatlı Qüvvələrin və "YAŞMA" nın Kurslarına qatılır. Bir neçə təlimlərdə uğurla iştirak edir və bu təlimlər bitdikdən 3 ay sonra 2020-ci ilin sentyabrın 27-də Vətən müharibəsi başlanan kimi Ceyhun da döyüşlərə qatılır.
Ailəsi ilə həmsöhnət olduğumizda qəhrəmanımızın demək olar ki, bütün kənd və rayonların işğaldan azad olunmasında iştirak etdiyini öyrəndik. Atası Zeynal Dünyamalıyev bildirdi ki, Ceyhun Füzuli, Zəngilan, Cəbrayıl, Xocavənd, Hadrut, Daşaltı əməliyyatında, Mirovdağda, Şuşa və ətraf kəndlərin alınmasında şücaət göstərib. Qəhrəmanımız bu döyüşlərdə yaralansada geri dönmür. Şuşa azad edildikdən sonra Şuşa-Xankəndi yolunun düşmən qüvvələrindən təmizlənməsinə də cəsarətlə vuruşur.
Adını qəhrəmanlar sırasına qızıl hərflərlə yazan Ceyhunun döyüş yoldaşları, onunla çiyin-çiyinə düşmənə qarşı döyüşən dostları onun igidliyindən, mərdliyindən, qorxmazlığından ağızdolusu danışıblar ailəsinə. Döyüşlərin birində Ceyhunun yüksək rütbəli iki yoldaşı yaralananda birnin yarasının ağır olduğunu görüb dərhal yerdən qaldırır avtomobilə qədər arxasında aparır. Zabit yoldaşı öhtəliyində olan bütün əsgərlərini Ceyhuna əmanət edib. Komandiririnin əmrini yerinə yetirən igidin savaşdakı qəhrəmanlıqlarını yaralanmış zabit yoldaşı müharibədən sonra anası Gülnarə xanıma zəng vuraraq danışıb və minnətdarlığını bildirib. Ceyhunun qardaşı Coşqun deyir: Qardaşım Vətənini çox sevirdi. Hər dəfə anamla danışarkən "Tək arzum vətən uğrunda şəhid olmaqdır"- deyirdi.
Ceyhun sonuncu dəfə noyabrın evlərinə 2-si zəng edir. Danışanda anası "oğlum qorxmursan ki döyüşən də? " Gülərək belə cavab verir qəhrəmanımız: "Niyə qorxmalıyam?. düşmən məndən qorxsun". Döyüşlər zamanı ayağinan ağır şəkildə yaralanır. 44 gün ərzində döyüş bölgəsindən ayrılmır və sözün əsil mənasında qanın son damlasına kimi düşmənlə savaşır.
Cəsur döyüşçü noyabrın 8-i Şuşa döyüşlərində əlbəyaxa döyüş zamanı ayağından qəlpə yarası alır bu vəziyyətdə irəliləyir. Zəfəri Şuşada qeyd edən qəhrəman bir neçə saat sonra çox qan itirdiyindən şəhidlik zirvəsinə ucalır.
Şəhidimiz noyabr ayının 13-ü böyük ehtiramla və alqışlarla qarşılanaraq doğulduğu şəhərdə torpağa tapşırılıb.
Azərbaycan ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Ceyhun Dünyamaliyev 26 iyun 2018-ci ildə "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" ,"Şuşanın azad olunmasına görə" "Cəbrayılın azad olunmasına görə" "İgidliyə görə”, "Xocavəndin azad olunmasına görə" medalları və "Vətənə Xidmətə Görə 3-dərəcəli Rəşadət ordeni" ilə təltif olunub. Vətən və Ana onu bir igid oğul kimi yetişdirirdi
Torpağı işğaldan azad edəcək yürüşə qoşulan bir zabit kimi… Bir gün tanrı istədyini verdi. Silahı ilə üzü düşmənə sarı getdi. Vətəni üçün doğolan Ceyhun, Vətəni uğrunda canından keçdi.
Ruhun şad olsun şəhidim.
Bəxtiyar ƏLİYEV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü