Tumbul kəndində qadınlarla dekorativ-tətbiqi sənət sahəsi üzrə təlim keçirilib -

Tumbul kəndində qadınlarla dekorativ-tətbiqi sənət sahəsi üzrə təlim keçirilib - FOTO

14 Noyabr 2024

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı "Təbliğat-100" layihəsi çərçivəsində Naxçıvan şəhərinin Tumbul kəndində qadınlarla dekorativ-tətbiqi sənət sahəsi üzrə təlim keçirilib.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov tədbiri giriş sözü ilə açaraq qadınların sosial vəziyyətinin yaxşılaşdırılmasına kömək etmək məqsədilə keçirilən təlimin əhəmiyyətini qeyd edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparıcı məsləhətçisi Zərnigar Orucəliyeva evdar və sosial qayğıya ehtiyacı olan qadınların məşğulluğunun diqqətdə saxlanılmasından və dekorativ-tətbiqi sənət sahəsinə maraqlarının artırılmasından danışıb. Bildirilib ki, dekorativ-tətbiqi sənət sahəsində təlimlərin keçirilməsi qadınların yaradıcılıq bacarıqlarını inkişaf etdirmək və iqtisadi müstəqilliklərini təmin etmək məqsədini daşıyır. Bu cür təlimlər incəsənət sahəsində qadınların istedadlarını üzə çıxarmaqla bərabər, onların həyatında sosial-iqtisadi cəhətdən mühüm rol oynayır.

Çıxışların ardından istedadlı qadın Səkinə Qarayeva əyani vəsaitlərdən istifadə etməklə iştirakçılara təlim keçib. Qadınların maraqları və ehtiyacları nəzərə alınmaqla keçirilən təlimdə hər bir qadının sənətkarlıq və tətbiqi sənət sahəsində özünü ifadə etməsi üçün şərait yaradılıb. 28 nəfərin yararlandığı təlimdə iştirakçıların rəsm çəkmək bacarıqları da inkişaf etdirilib və onları maraqlandıran suallar cavablandırılıb.