Şəhidlik ölüm deyil - Əbədiyyətdir
Noyabrın 13-də Kəngərli rayon Qabıllı kənd sakini İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış İbrahimov Qurban Namiq oğlunun anım günündə bu mövzuda fikirlər səslənib.
Mərasimdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov, Yeni Azərbaycan Partiyası Kəngərli rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quluyeva, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, Kəngərli rayon idarə, müəssisə və təşkilatların əməkdaşları, qazilər, hərbçilər, rayon axundu kənd sakinləri, şəhidin yaxınları, döyüş yoldaşları, iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, xatirələri dərin ehtiramla anılıb, ruhlarına dualar oxunub. Qabıllı kənd qəbiristanlığındakı bütün şəhidlərimizin məzarları önünə gül dəstələri düzülüb.
Mərasimdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov çıxış edərək bildirdi ki, Vətənin müdafiəsi uğrunda canından, qanından keçən belə qəhrəmanlarımız, yurdumuzun bütövlüyü naminə canlarından keçməyi özlərinə şərəf bilən igid oğullarımız hər zaman yaddaşlarda yaşayacaqlar. Bu zirvəyə ucalan cəsur, igid əsgərləri, qəhrəman oğulları hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir. Vətəni qorumaq kimi müqəddəs bir amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən qeyrətli Vətən oğullarını yad etmək, bütün şəhidlərimizin əziz xatirəsinə ehtiramla yanaşmaq, onların adlarını əbədiləşdirmək və ruhlarını şad etmək isə hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır.
Daha sonra XTQ nin kəşfiyyatçı snayperi, şəhid İbrahimov Qurban Namiq oğlu haqqında onun döyüş yoldaşlarının, zabitlərin, şəhid atalarının təəssüratları dinlənilib.
Rayon axundu Mişəmsəddin Seyidov öz çıxışında qeyd edib ki, “Allah yolunda öldürülənləri əsla ölü zənn etmə, əksinə, onlar diridirlər və onlara Rəbbi yanında ruzi verilir”. Müqəddəs Qurani-Kərim şəhid məqamını bu cür izah edir. 44 günlük Vətən Müharibəsi şəhidlik məqamını xalqımızın şüurunda bir daha əməli şəkildə təsvir etdi. Qəhrəman oğullarımız xalqımıza qələbə sevinci yaşatmaqla bərabər həmdə şəhidliyin əsl mahiyyətini göstərdilər. Bu İgidlər bizim iftixarlarımızdır, onlar xalqımıza sanki yeni həyat bəxş etdilər. Xalq üçün yaşadılar, canlarını başqaları uğrunda fəda etdilər ki, həyat daha gözəl olsun. Şəhidlik ölüm deyil – həyat tərzidir. Bu həyat tərzinin əsasını “mən” düşüncəsi deyil, “biz” düşüncəsi təşkil edir. Və nəticədə şəhidlərimiz tarixi torpaqlarımızı işğaldan azad etdilər. "
Şəhid sayılan, şəhid hökmündə olan bir çox təbəqədən insanlar var. Misal üçün, ümum insanlıq naminə yüksək qayə və məfkurə uğrunda, din, vətən uğrunda döyüşərkən, eyni zamanda ailəsini, namusunu, malını, dövlətini qoruyarkən öldürülən insanlar şəhid sayılırlar. Şəhid olma hadisəsinə isə “şəhadət” deyilir.
Şəhadəti ilə ailəsinin, xalqının qəlbində ölməzlik taxtı qurmuş Qurban Namiq oğlu İbrahimov 1998-ci il iyunun 4-də Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu Qabıllı kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Qurban İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Hadrutun, Cəbrayılın, Xocavəndin və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.Noyabrın 9-u Şuşa uğrunda qızğın döyüşlərin birində Qurban düşmənin snayper gülləsinə tuş gələrək şəhid olub.Noyabr ayının 13-də şəhidimiz torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qurban İbrahimov ölümündən sonra"Vətən uğrunda"medalı ilə təltif edilib.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Qurban İbrahimov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Şəhidin atasıİbrahimov Namiq Qurban oğluoğlunun nəşinin Şuşadan Füzuli rayonuna gətirildiyini öyrənən kimi oğlunun cansız bədəninin Bakıya gətirilib, oradan da Naxçıvana aparılaraq dəfn edilməsi prosesində şəxsən iştirak edib. Bundan bir neçə gün sonra isə şəhid atası oğlunun yoxluğuna dözə bilməyib, ürəktutmasından həyatını dəyişib. Bir ata üçün oğlunun cansız bədəni olan maşında uzun yol gelmek çox çətin olmalı... Namiq İbrahimov da buna çox dözə bilməyib. Allahdan şəhidimizin atasına rəhmət diləyirik!
Tarixin bütün səhifələrinə baxsaq, görərik ki, babalarımız, atalarımız, oğul və qızlarımız hər zaman əldə silah yurdumuzu qorumuş, bizə qədər gətirib çatdırmışlar. Hər zaman çətin anlarda bu oğullar üzə çıxıb doğma Vətənimiz üçün düşmənlə mübarizə aparmış, lazım olduğu təqdirdə canlarını da fəda edib şəhidlik zirvəsinə ucalmışlar.
Ruhun şad olsun qəhrəman!
Bəxtiyar ƏLİYEV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü