
Vətən müharibəsi şəhidinin ad günü qeyd edildi
Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Məmmədov Ümid Fərman oğlunun ad günü Babək rayon Nehrəm kəndində qeyd edilib.
Şəhidin məzarı önündə Babək Rayon İcra Hakimiyyəti Başçısı Ovni Muradov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon idarə təşkilatının əməkdaşları, dini qurumların rəhbərləri, şəhid ailələri üzvləri, şəhidin valideynləri və rayon ictimaiyyəti nümayəndələri ilə birlikdə qeyd olundu.
Əvvəlcə şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb, quran oxunub. Ovni Məmmədov şəhidin ailəsinə baş sağlığı verərək, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində, qisas əməliyyatlarında və antiterror əməliyyatlarında Ümid kimi el oğullarımızın Vətən qarşısında əvəzsiz xidmətlərindən danışıb. Prezidentin bir başa rəhbərliyi ilə ölkədə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə edildiyini qeyd edib.
Daha sonra çıxış edənlər Qalib Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb, rəşadətli ordumuzun və mərd oğullarımızın şücaət göstərərək həyatları bahasına torpaqlarımızı erməni işğalçılarından azad etdiyini bildirib. Məhz onların canı və qanı bahasına əldə olunmuş tarixi Zəfərin əhəmiyyətindən hələ uzun illər danışılacağı qeyd edilib.
Ümid Məmmədov 14 mart 1999-cu ildə Babək rayonunun Nehrəm qəsəbəsində anadan olub.
2005-2013-cü illərdə Babək rayon Nehrəm qəsəbə 3 saylı tam orta məktəbdə orta təhsil almış, 2013-2016-cı illərdə Heydər Əliyev adına Hərbi Liseydə təhsilini davam etdirmişdir. 2016-2020-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. 2018-ci ildə ali hərbi məktəbdə fərqləndiyinə görə II kursda təhsil alan kursant Ümid Məmmədov "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilib.
Ümid Məmmədov 2020-ci ildə ali hərbi məktəbi bitirmiş və "leytenant" rütbəsində Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi vəzifəsinə başlayıb. Subay idi.
2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Dövlət Sərhəd Xidmətinin mövqelərini artilleriya qurğularından atəşə tutulmuşdur.
Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin cavab tədbirləri görməsi nəticəsində Ermənistan Ordusu geri oturdurulmuşdur.
Tarixə Tovuz döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Ümid Məmmədov general-mayor Polad Həşimov ilə birlikdə vuruşmuş və qarşı tərəfin hücum cəhdinin qarşının alınmasında fərqlənmişdir. Döyüşlər başa çatdıqdan sonra Ümid Məmmədov Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirmişdir.
Azərbaycan Ordusunun leytenantı olan Ümid Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ümid Məmmədov 5 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. 18 oktyabr 2020-ci ildə doğulduğu Babək rayonunun Nehrəm qəsəbəsində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ümid Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ümid Məmmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ümid Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Ümid Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ümid Məmmədov ölümündən sonra III dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.
Ruhu şad olsun.
Bəxtiyar ƏLİYEV
Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin mətbuat katibi