Şəhid Rasim Məmmədovun anım günü ilə bağlı tədbir keçirilib

Şəhid Rasim Məmmədovun anım günü ilə bağlı tədbir keçirilib

05 Aprel 2025

Naxçıvanda Aprel döyüşləri zamanı Lələtəpədə şəhidlik zirvəsinə ucalan mayor Rasim Məmmədovun anım gününə həsr olunmuş tədbirlər keçirilib. İlk olaraq Naxçıvan Dövlət Texniki Kollecində baş tutan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov Aprel döyüşlərinin tarixi əhəmiyyətindən bəhs edib. Aprel döyüşlərinin 44 günlük müharibədə qazanılan zəfərə aparan yol olduğunu vurğulayıb və Aprel döyüşlərindəki qələbədə Rasim Məmmədov, həmçinin onun kimi qəhrəman Vətən oğullarının misilsiz rolundan danışıb.

Tədbirin bədii hissəsində kollecin tələbə xor qrupu tərəfindən "Şəhidim" adlı mahnı ifa olunub. Ardınca isə Rasim Məmmədova həsr olunmuş şeirlər səsləndiriilib və videoçarx nümayiş olunub. Tədbirdə iştirak edən şəhidimizin anası Bəsti Məmmədovaya və övladı Asim Məmmədova xatirə plaketi təqdim edilib.

Sonra "Vətən fədailəri" layihəsinin dəstəkçisi Şahin Məmmədov Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanova şəhid kitabları toplusunu təqdim edib tədbirə yekun vurulub.

Daha bir tədbir qəhrəmanımızın məzarı başında keçirilib. Şəhidin məzarına tər çiçəklər düzülüb, quran ayələri oxunub, dua edilib.

Hər iki tədbirdə şəhidin anası Bəsti Məmmədova, Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin sədri Mayis Gülməmmədov, Muxtar Respublikası Ali Məclisinin deputatlarından Ülkər Bayramova, Üzeyir Məmmədov və digərləri, Babək rayon İcra başçısının müavini Səbinə Abbasova, şəhid ataları, şəhid anaları, şəhidin döyüş yoldaşı, hərbi hissə komandiri, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Sahil Tahirli də çıxış edib.

Sonda şəhidin anası Bəsti Məmmədova və həyat yoldaşı Samirə Məmmədova çıxış edərək əlamətdar gündə iştirak edənlərə öz minnətdarlığını bildiriblər.

Xatirə fotosu çəkdirilib. Şəhidin xatirəsinə ehsan süfrəsi açılıb.

Azərbaycan Silahlı Qüvvələrinin mayoru olan Rasim Əbdül oğlu Məmmədov 1977-ci ilin 20 may günündə Babək rayonunun Cəhri kəndində anadan olub. 1996-cı ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə daxil olan Rasim Məmmədov 2000-ci ildə həmin məktəbi "tank qoşunları komandanı" ixtisası üzrə bitirib. 2000-ci ildən "leytenant" rütbəsində ordu sıralarında xidmət etməyə başlayan Rasim Məmmədova 2015-ci ildə "mayor" rütbəsi verilib. Mayor Rasim Məmmədov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı 4 aprel tarixində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Rasim Məmmədov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" və II dərəcəli "Qüsursuz xidmətə görə" medalları ilə təltif edilib.
Ruhu şad olsun!

Bəxtiyar ƏLİYEV

Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin mətbuat katibi,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü