Uşağa baba və nənəsi aliment verə bilərmi? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Salam, bildirmək istəyirəm ki, mən ərimdən boşanmışam, bir övladım var, övladımı saxlamaq üçün ərimdən maddi yardım (aliment) ala bilmirəm, belə olan halda övladım nənə və babasından aliment ala bilərmi?
Cavab: Bəli, övladınızın nənə və babasından aliment almaq olar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən baba və nənənin nəvələrini saxlamaq vəzifəsi müəyyən edilmişdir. Belə ki, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Onu da qeyd edim ki, həmin məcəllənin 88-ci maddəsində qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi təsbit olunmuşdur. Belə ki, yetkinlik yaşına çatmayan və yardıma ehtiyacı olub, valideynlərindən saxlanılması üçün yardım ala bilməyən qardaş və bacılar buna zəruri vəsaitə malik yetkinlik yaşına çatmış qardaş və bacılardan məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış qardaş və bacılar valideynlərindən, yaxud da ərindən (arvadından) və ya yetkinlik yaşına çatan uşaqlarından saxlanmaq üçün maddi yardım ala bilmədikdə onlara da eyni hüquq verilir.
Sualı cavablandırdı: Culfa Rayon Prokurorluğunun böyük müstəntiqi, III dərəcəli hüquqşünas - Tural Tarverdiyev
Mənsurə Hümbətova