Ümumilli lider Heydər Əliyev Azərbaycanda hüquqi islahatların banisidir

Ümumilli lider Heydər Əliyev Azərbaycanda hüquqi islahatların banisidir

19 May 2023

Yarandığı dövrdən etibarən hər bir cəmiyyətin normal fəaliyyətinin hüquqi çərçivəyə salınması obyektiv zərurət kimi çıxış etmiş, hüquqi nizamasalmanın mövcudluğu vacib xarakter daşıyaraq ictimai həyatın davamlı inkişafında özünəməxsus rol oynamışdır. Ötən əsrin sonlarında yenidən dövlət müstəqilliyini əldə edən Azərbaycanda ulu öndər Heydər Əliyevin rəhbərliyi altında beynəlxalq hüququn norma və prinsiplərinin qəbul edilməsinə, tətbiqinə və bu zaman hüququn aliliyinin gözlənilməsinə xüsusi diqqət yetirilmiş, bu sahədə daxili qanunvericiliyin beynəlxalq hüquqa uyğun şəkildə qurulmasına nail olunmuşdur.                                                                                                                                 

Bu istiqamətdə ilkin konstitusion addımlar isə müstəqilliyin ilk illərindən etibarən atılmağa başlanmışdır. Belə ki, ulu öndər Heydər Əliyevin hələ respublikaya birinci rəhbərliyi dövründə formalaşmış güclü iqtisadi potensialdan səmərəli şəkildə yararlanaraq ötən əsrin 90-cı illərində müstəqilliyinə qovuşmuş respublikamızın hüquqi müstəvidə ilk əsas addımlarından biri 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı"nın qəbulu olmuşdur.                                                                             

"Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı"nın 12-ci maddəsində Azərbaycan xalqının müstəqil, dünyəvi, demokratik dövlət qurmaq hüququnu reallaşdırması barədə müddəası müstəqilliyin ilk illərində ölkədə yaşanan hərc-mərclik üzündən mümkün olmamışdır. Əsas Qanunun qəbulunun süni şəkildə gecikdirilməsi həm də o zamankı hakimiyyətin səbatsızlığı - ölkənin gələcək iqtisadi, siyasi, hüquqi inkişaf hədəfləri ilə bağlı konkret təssəvürlərə malik olmaması ilə bağlı idi. Bütün bunlar Azərbaycanın beynəlxalq hüquqa inteqrasiyasına da ciddi mane olur, ökənin müstəqil subyekt kimi mövcudluğunu davam etdirə bilməsini sual altına salırdı.                                                   

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ümummilli lider qısa müddətdə vəziyyəti sabitləşdirdi, vətəndaş həmrəyliyini təmin etdi, hüquqi və demokratik dövlət quruculuğu istiqamətində qətiyyətli addımlar atmağa başladı. Ulu öndər yaxşı bilirdi ki, Azərbaycan dövlətinin gələcək inkişaf prioritetlərinin düzgün müəyyənləşdirilməsi, iqtisadi, siyasi, hüquqi islahatlara etibarlı zəmin yaradılması, bir sözlə, uzunmüddətli inkişaf strategiyasının reallaşdırılması baxımından ölkədə yeni dövrün tələblərinə cavab verən Konstitusiyanın qəbuluna ehtiyac var. Bu Konstitusiya yeni dövrün tələblərinə cavab verməli, inkişaf etmiş dövlətlərin təcrübəsini və milli maraqları, ölkənin özünə məxsus xüsusiyyətlərini, milli-mənəvi dəyərləri unikal formada özündə əks etdirən hüquqi sənəd olmalı idi.           

Azərbaycanda ictimai-siyasi sabitliyi bərpa edildikdən sonra 1995-ci il mayın 2-də Milli Məclisin iclasında Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının Konstitusiyasını hazırlayan Dövlət Komissiyası təşkil edildi. Komissiyanın 1995-ci il 5 iyun tarixli qərarı ilə işçi qrupu yaradıldı və elə həmin gün Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyasının ilk iclası keçirildi.                                   

Həmin iclasda çıxış edən ümummilli liderimiz Heydər Əliyev Konstitusiyanın xalqın və dövlətin taleyində müstəsna əhəmiyyətini nəzərə alaraq deyirdi: "Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü, - ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti-bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır".      

Azərbaycan Respublikasının Konstitusiya layihəsinin hazırlanması barədə danışarkən düşünmədən qeyd etməliyik ki, bu, müstəqil dövlətçiliyimizin qurucusu, Ümummilli Lider Heydər Əliyevin  əsəridir. 1995-ci il iyunun 5-də Ulu Öndər Heydər Əliyevin Sədrliyi ilə Konstitusiya Komissiyasının ilk iclasından  başlayaraq, 12 noyabr referendumunadək Ümummilli Lider Azərbaycanın Əsas Qanununun hazırlanmasına, onun bütün prinsipial müddəalarının geniş ictimaiyyət tərəfindən müzakirəsinə şəxsən rəhbərlik edib. Dövlət dilinin türk, yaxud Azərbaycan dili adlanması ilə bağlı müzakirələr daha uzun çəkmiş və fikir ayrılığına səbəb olmuşdur. Belə bir şəraitdə müasir Azərbaycan dövlətinin qurucusu dilçi alimlərin fikirlərinə müdaxilə etmədən əksəriyyətinin gəldiyi nəticəni dəstəkləyərək, dövlət dilimizin Azərbaycan dili olması təklifini müdafiə etdi. Bununla da təkcə ölkəmizin və dilimizin deyil, həm də Azərbaycançılığın əsasını qoymuş oldu.                                       

Ümummilli Liderimiz Heydər Əliyev bu sənədin təkcə dövrün tarixi və siyasi reallıqlarının deyil, bütövlükdə, xalqın milli-mənəvi dəyərlərinin süzgəcindən keçərək qəbul olunmasına çalışırdı və buna da nail oldu.                

Ümummilli Lider Heydər Əliyev Konstitusiya Komissiyasının Sədri kimi Əsas Qanunun hazırlanmasına böyük əhəmiyyət verərək demişdi: «Biz demokratik, hüquqi, sivilizasiyalı dövlət qururuq. Bu prosesin bütün şərtləri, müddəaları Konstitusiyada əksini tapmalıdır».                                  

Nəhayət, 1995-ci ilin 12 noyabrında Azərbaycanda ümumxalq referendumu ilə müstəqil dövlətçiliyin bütün parametrlərini özündə ehtiva edən Konstitusiya qəbul olundu. Azərbaycan Respublikasının Əsas Qanununun qəbulu təkcə ölkədə yeni hüquqi bazanın yaradılması demək deyildi. Bu, mahiyyəti etibarilə Azərbaycanda müstəqil dövlət quruculuğu tarixində keyfiyyətcə yeni səhifənin açılmasını hədəfləyirdi. Çünki müstəqilliyin ilk illərindən siyasi çəkişmələr, hakimiyyət böhranı, qiyam və çevriliş cəhdləri ilə silkələnən Azərbaycan üçün yeni Konstitusiyanın qəbulu həm də çoxdan gözlənilən daxili sabitliyin bərqərar olması demək idi.                                                                                                                                            

Demokratiya, dövlət suverenliyi, insan və vətəndaş hüquqlarının prioriteti kimi hamılıqla qəbul edilmiş dəyərlər Əsas Qanunun təməl prinsiplərini təşkil edir. Konstitusiyanın qəbulu cəmiyyət və dövlət həyatında demokratik dəyişikliklərə böyük yol açmış, insan hüquq və azadlıqlarının həyata keçirilməsi üçün əlverişli şərait yaratmaqla, həyatımızın bütün sahələrinin inkişafına təkan vermiş, xalqımızın tarixi ənənələrinə, milli və mədəni dəyərlərinə uyğun olan və eyni zamanda, ölkəmizdə müasir dünyəvi və vətəndaş cəmiyyəti quruculuğu tələblərinə cavab verən dövlətçiliyin formalaşması, siyasi və hüquq sistemlərində sabit özülün yaradılması işində mühüm addım olmuşdur. Bu addım sadəcə yeni ictimai sistemin hüquqi tanınmasını təsdiq edən fakt deyil, ölkəmizin inkişafının prinsipcə yeni mərhələyə qədəm qoymasının göstəricisi idi.

Konstitusiyada qeyd olunur ki, demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli sosial və iqtisadi qaydalar əsasında hər bir vətəndaşın layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə əsaslanaraq bütün dünya xalqları ilə dostluq, sülh, əmin-amanlıq şəraitində yaşamaq Azərbaycan xalqının ali məqsədləridir. Bununla bərabər, Konstitusiyada müasir sivil cəmiyyətlərin inkişaf istiqamətlərini müəyyənləşdirən və konstitusiya quruluşunun əsaslarını təşkil edən ideya və dəyərlər geniş şəkildə öz əksini tapmışdır və bunlar aşağıdakılardır: insan şəxsiyyətinə və ləyaqətinə hörmət; dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması vasitəsilə xalqın hakimiyyət funksiyalarının həyata keçirilməsində iştirakı; insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu; siyasi sistemdə plüralizmə təminat verilməsi; sosial ədalətə nail olmaq, ümumbəşəri dəyərlərə sadiqlik, milli qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılması və s. Konstitusiyanın ən yüksək və ali hüquqi qüvvəyə malik olan normaları bütün hüquqi tənzimləmə sisteminin əsasında durur, eyni zamanda, ictimai münasibətlərin inkişafında sabitlik, müəyyənlik amili kimi çıxış edir.                                                                   

Beş bölmə, 12 fəsil, 158 maddə və keçid müddəalarından ibarət olan Konstitusiyanın mühüm özəlliklərindən biri də vətəndaş hüquq və azadlıqlarına geniş yer ayırılması idi. Əsas Qanunun təxminən üçdə biri (3-cü fəsil, 48 maddə) məhz bu sahəni əhatə edir.           

Müstəqil Azərbaycanın ilk milli Konstitusiyası əsasında hakimiyyətin yeganə mənbəyi kimi xalqın tanınması, ölkənin bütövlüyünün qorunması, hakimiyyətlərin bölünməsi prinsipinə ciddi riayət olunması, insan hüquq və azadlıqlarının dövlətin ali məqsədi kimi bəyan edilməsi, beynəlxalq hüququn milli qanunvericilik üzərində üstünlüyü kimi hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna imkan verən mütərəqqi ideyalar dayanmışdır. Öz müqəddəratını sərbəst və müstəqil həll etməyi və öz idarəetmə formasını müəyyən etməyi Azərbaycan xalqının suveren hüququ kimi tanıyan Konstitusiya Azərbaycan dövlətini demokratik, hüquqi, dünyəvi, unitar respublika elan etmişdir.                                                               

Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsindən sonra qarşıda duran ən mühüm vəzifələrdən biri ölkədə hüquqi, demokratik, sivil dövlət quruculuğu proqramının həyata keçirilməsinə nail olmaq idi. 1995-ci il noyabrın 12-də referendum yolu ilə müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, yeni parlamentin təşkili üçün seçkilər keçirilməsi dövlət quruculuğu sahəsində strateji proqramın ilk mərhələsi oldu.                    

1995-ci ilin 12 noyabrından sonrakı dövrə nəzər salsaq, görərik ki, bu istiqamətdə geniş hüquqi islahatlar həyata keçirilib.                                                

1996-1997-ci illərdə Azərbaycan insan hüquq və azadlıqlarının, demokratik təsisatların inkişafının təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara qoşuldu. Azərbaycanda müasir hüquqi islahatların reallaıdırılması məqsədilə 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaradıldı. Həyata keçirilməyə başlanan islahatlar qanunların və digər normative hüquqi aktların hazırlanması, hüquqi informasiya sisteminin genişləndirilməsi, məhkəmə və bütövlükdə hüquq mühafizə sistemində aparılan islahatları, qanunların və hüquq qaydalarının cəmiyyətə təbliğ edilməsi kimi mühüm tədbirləri özündə əks etdirirdi. “Məhkəmələr və hakimlər haqqında”, “Konstitusiya Məhkəməsi haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında” Qanunlar və digər qanunların qəbul edilməsi ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində atılan ilk, lakin çox vacib addım olmaqla müstəqil məhkəmə sisteminin yaradılmasına və fəaliyyət göstərməsinə imkan yaratmışdır.                                                                                     1998-ci il fevralın 10-da Azərbaycanda ölüm hökmü ləğv edildi. Azərbaycan MDB məkanında və müsəlman dünyasında bu tarixi qərarı qəbul edən ilk dövlət idi. O vaxt hətta Avropa Şurasının üzvü olan bir çox ölkələr analoji addım atmamışdılar.      

14 iyul 1998-ci il tarixdə Azərbaycanda konstitusion müstəvinin ən vacib institutlarından biri - Konstitusiya Məhkəməsi fəaliyyətə başladı. 1998-ci il avqustun 8-də prezident Heydər Əliyev konstitusion hüququn təməl prinsiplərindən olan söz azadlığının təminatı ilə bağlı mühüm bir qərara imza atdı - mətbuat üzərində senzura tamamilə ləğv edildi. 1999-cu il dekabrın 12-də Konstitusiyada təsbit olunmuş keçid müddəalarından daha birinə əməl olundu - ölkədə ilk bələdiyyə seçkiləri keçirildi, yerli özünüidarə institutu fəaliyyətə başladı. 2001-ci ilin yanvarında Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi ilə ölkəmiz bir sıra konvensiyalara qoşuldu, dövlətin hüquqi sisteminin demokratik dünya standartlara uyğunlaşdırılması davam etdi. 2002-ci ildə İnsan hüquqları üzrə müvəkkil - Ombudsman təsisatı fəaliyyətə başladı.                

Bütün bu proseslər, habelə zaman və şəraitin diqtə etdiyi digər dəyişikliklər Konstitusiyanın da yeniləşməsi zərurətini yaratmışdı. 2002-ci il avqustun 24-də keçirilən ümumxalq referendumunda Konstitusiyaya 24 maddə üzrə 39 dəyişiklik edildi. Bu yeniliklər Konstitusiyada hakimiyyətin bölüşdürülməsi, insan hüquqlarının təminatı və siyasi proseslərdə demokratikliyin artırılması üçün daha geniş hüquqi baza yaratdı. Konstitusiyanın 130-cu maddəsinə edilən düzəlişə əsasən, hər bir vətəndaşa ölkənin ali məhkəmə instansiyasına- Konstitusiya Məhkəməsinə şikayət etmək hüququ təmin edildi.        

2009-cu il martın 18-də və 2016-cı ilin sentyabrın 26-da ümumxalq səsverməsi ilə Əsas Qanunumuzda vacib olan əlavə və dəyişikliklər edildi. Azərbaycanın tarixi keçmişini, bugünkü reallıqlarını və gələcək inkişaf perspektivlərini əks etdirməsi, ümumbəşəri və milli dəyərlərə söykənməsi konstitusiyamızı səciyyələndirən əsas cəhətlərdir.                                                   

Təsadüfi deyil ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev də dəfələrlə vurğulamışdır ki, demokratik proseslərin davamlı şəkildə aparılmadığı hansısa dövlətin iqtisadi sahədə yüksək nəticələr əldə etməsi, beynəlxalq arenada layiqli yerini tutması, dünya iqtisadiyyatına inteqrasiyası mümkün deyildir.     

Bu gün hər bir vətəndaşın ən mühüm vəzifəsi konstitusiyanı daha dərindən mənimsəmək və onun verdiyi təminatlardan bəhrələnməkdən ibarətdir. Ona görədə hər bir şəxs konstitusiya və qanunlara dönmədən əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələrini layiqincə yerinə yetirməlidir.

 

Nurlan ƏHMƏDLİ

Sədərək rayon prokurorunun köməkçisi                                              

II dərəcəli hüquqşünas: