Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Avqustun 8-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, əvvəlcə Komissiyanın avqustun 5-də keçirilən iclasının protokolu təsdiq edilib.
Sonra 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Müsavat Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. Təqdim olunan şəxslərin səlahiyyətli nümayəndələr kimi qeydə alınmasına qərar verilib.
Daha sonra bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələsinə baxılıb. Mərkəzi Seçki Komissiyasının qərarı ilə 7 saylı Səbail və 37 saylı Qaradağ seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik olunub.
Komissiyanın iclasında beynəlxalq müşahidə missiyası təmsilçilərinin və maraqlı subyektlərin bilavasitə iştirakı ilə Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə də baxılıb. Aparılan geniş müzakirələrdən sonra MSK namizədliyin imtinası ilə bağlı müvafiq dairə seçki komissiyasının qərarını ləğv edərək, daha bir nəfərin Milli Məclisə seçkilərdə namizədliyini qeydə alıb.
Media nümayəndələri tərəfindən operativ şəkildə işıqlandırılan iclasda cari məsələlərə də baxılıb.