Türkiyə XİN: "Prezident seçkilərinin qardaş Azərbaycan üçün xeyirli olmasını arzulayırıq"
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycandakı növbədənkənar prezident seçkilərinin uğurla keçirilməsi və İlham Əliyevin yenidən Prezident seçilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə nazirlik bəyanat yayıb.
“Prezident seçkilərinin qardaş Azərbaycan üçün xeyirli olmasını arzu edirik. Seçkilərin işğaldan azad olunmuş Qarabağ da daxil olmaq bütün ölkə ərazisində, sakit formada keçirilməsindən məmnunuq”, - bəyanatda bildirilib.
Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib.
Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparıb.