
Təqsirkarın əməli hansı hallarda qəsdən adam öldürmə kimi qiymətləndirilməlidir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Təqsirkarın əməli hansı hallarda Xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi qiymətləndirilməlidir?
Cavab: Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər.
Sualı cavablandırdı: Kəngərli rayon Prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas - Şahmar Həşimov