
Sürücülük vəsiqəsi olmadan avtomobil idarə etməyin cəriməsi nə qədərdir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Salam, sürücülük vəsiqəsi olmadan avtomobil idarə etməyin cəriməsi nə qədərdir?
Cavab: Bildirmək istərdim ki, bu məsələ Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Qeyd edilən mövzu ilə əlaqədar avtomobilin nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs (nəqliyyat vasitəsinin mülkiyyətçisi, yaxud etibarnamə və ya icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs) tərəfindən idarə edilib-edilməməsi də əhəmiyyət kəsb edir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan şəxsin nəqliyyat vasitəsini idarə etməsinə görə yüz manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Həmin məcəllənin 335.1-ci maddəsinə, yəni nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə fiziki şəxslər altmış manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Beləliklə, əgər şəxs nəqliyyat vasitəsinin sahibidirsə və onun nəqliyyat vasitəsini idarə etmək hüququ yoxdursa, yalnız həmin şəxs 100 manat, əgər şəxs nəqliyyat vasitəsinin sahibi deyildirsə və onun nəqliyyat vasitəsini idarə etmək hüququ yoxdursa, həmin şəxs 100 manat, nəqliyyat vasitəsinin sahibi isə şəxsin növündən asılı olaraq 60, 200 və ya 2000 manat məbləğində inzibati qaydada cərimə edilir.
Sualı cavablandırdı: Culfa Rayon Prokurorluğunun böyük müstəntiqi, III dərəcəli hüquqşünas - Tural Tarverdiyev
Mənsurə Hümbətova