Samiq Sadıxov Şuşada səhiyyə nazirlərinin IV iclasında iştirak edib - FOTO
Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov Türk Dövlətləri Təşkilatının və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclasında iştirak edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə TDT-nin Baş katibi, üzv və müşahidəçi ölkələrin səhiyyə nazirləri, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi, həmçinin müxtəlif ölkələrdən dəvət olunan elm adamları iştirak ediblər.
Tədbir çərçivəsində “TürkTransplantın təsis edilməsinə dair Niyyət Protokolu” imzalanıb. Bu sənədin əsas mahiyyəti müasir dövrdə transplantologiya sahəsində bir çox ciddi xəstəliklərin müalicəsi ilə bağlı problemləri kökündən həll etməyə imkan verməsidir. Həmçinin, TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirliklərinin elmi-tədqiqat institutları və mərkəzləri arasında onkologiya, kardiologiya, oftalmologiya, pediatriya, travmatologiya və ortopediya sahələrinə aid bir sıra Anlaşma Memorandumlarının imzalanması baş tutub.
Sənəd tərəflər arasında intensiv əlaqələrin qurulmasını, elmi tədqiqatların aparılmasını, bu ixtisaslarda çalışan tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsini, kadr mübadiləsini, faydalı əməkdaşlığın təşviqini və gücləndirilməsini ehtiva edir.