Naxçıvanda “Klinik laborator diaqnostikada müasir prinsiplər” mövzusunda konfrans keçirilib - FOTO
Tədbirdən əvvəl qonaqlar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar, ardınca Heydər Əliyev Muzeyini gəziblər.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, konfransın açılışı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Referans Medical Group MMC-nin fəaliyyətinə dair hazırlanan videoçarx nümayiş olunub.
Konfransın açılış nitqi ilə çıxış edən Ləman İbrahimova konfransın keçirilməsinin əhəmiyyətini vurğulayıb və iştirakçılara uğurlar arzulayıb.
Daha sonra Referans Naxçıvan Tibb Mərkəzinin direktoru Ülvi Əkbərov çıxış edərək, konfransın təşkilində göstərilən dəstəyə görə Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Samiq Sadıxova təşəkkür edib və konfransın gündəliyi barədə məlumat verib.
Tədbirdə Bakından dəvət olunmuş peşəkar həkimlər müxtəlif müasir mövzularda çıxış ediblər. Bunlar arasında:
“Ürək-damar xəstəliklərinin erkən aşkarlanması: biomarkerlərin əhəmiyyəti”,
“Genetik və xərçəng xəstəliklərində FİSH metodları”,
“Mikrobiota və bağırsaq florasının diaqnostikası”,
“Hepatit B və C-nin diaqnostikasında yeni nəsil testlər”,
“İVF öncəsi spermatozoidlərin diaqnostikası”
və digər müasir mövzular yer alıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb və konfrans yekunlaşıb.