Qumar oyunlarında iştirak və virtual mühitə çıxışın təmin edilməsi ilə bağlı inzibati məsuliyyət...

Qumar oyunlarında iştirak və virtual mühitə çıxışın təmin edilməsi ilə bağlı inzibati məsuliyyət... HÜQUQ MƏSLƏHƏTİ

07 Dekabr 2024

Sual: Qumar oyunlarında iştirak üçün imkanların yaradılması və qumar oyunlarının oynanıldığı virtual mühitə çıxışın təmin edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulubmu?

Cavab: Azərbaycan Respublikasının ərazisindən qumar oyunlarında iştirak üçün imkanların yaradılması, o cümlədən qumar oyunlarının oynanıldığı virtual mühitə çıxışın təmin edilməsinə görə – Qumar oyunlarında iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüququnun) satışının təşkili və (və ya) satışına görə – Qumar oyunlarında iştirak üçün mərclərin qəbul edilməsi, pul vəsaitlərinin, əşyaların və qeyri-maddi əmlak nemətlərinin qəbulu, köçürmələrin aparılması, uduşların ödənilməsi, uduşların, mükafatların və ya digər gəlirin verilməsi, bunların təşkili və bunlarla əlaqədar xidmətlərin göstərilməsinə görə – fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər yeddi min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir.

Qeyd:

1. İnzibati Xətalar Məcəlləsində “qumar oyunları” dedikdə pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər) başa düşülür.

2. “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən lotereyalara və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunlarına bu maddənin qüvvəsi şamil edilmir.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov