Qərbi Azərbaycan bizim tarixi torpağımızdır  və biz bu torpaqlara qayıdacağıq!

Qərbi Azərbaycan bizim tarixi torpağımızdır və biz bu torpaqlara qayıdacağıq!

18 May 2024

Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV: Qərbi Azərbaycan bizim tarixi torpağımızdır... şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan əra­zisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarət­dir ki, dünya ictimaiyyəti də bunu bil­sin.

Xalqımız əsrlər boyu tarixi torpaqların­da yaşamaq, öz hüquqlarını qorumaq üçün böyük fədakarlıq göstərsə də tarixi torpaqlarımız olan Qərbi Azərbaycanda Ermənistan adlı dövlət yaranmış, yerli əhali deportasiyaya məruz qalmışdır.  Ulu öndərimiz Heydə Əliyev 23 fevral 1994-cü ildə bu məsələyə münasibətini bildirərək öz çıxışında demişdir: "Əgər tarixi faktları araşdırmalı olsaq, onda xatırlatmalıyam ki, indiki Ermənistan ərazisi vaxtilə Azərbaycan torpaqları idi. Bir vaxtlar bu yerlər Azərbaycana məxsus olmuş, lakin 1918-1920-ci illərdə Ermənistana keçmişdir. Bir sözlə, tarixə müraciət etməli olsaq, onda görərik ki, Ermənistan Azərbaycana çox şey qaytarmalıdır. Amma indi mən onu deyirəm ki, biz Ermənistan ərazisinə, mövcud sərhədlərə göz dikməmişik, onların iddiasında deyilik. Bununla bərabər, biz öz ərazimizin bir metrini də verməyə razılaşa bilmərik".

Əlbəttə, bizim tarixi torpaqlarımıza yiyələnən, özlərinin dövlətlərini yaradan ermənilər tarix boyu bizim torpaqlarımıza göz dikmiş, zaman-zaman ərazilərimizi ələkeçirməyə cəhd etmişlər.  Tarix sübut edir ki, ermənilərin heç nəyi olmayıb, hətta torpaqları belə, amma bizim ərazilərimiz hesabına özlərinin dövlətini yaratmış, bu gün də  torpaq iddialarından əl çəkməmişlər.

Mənbələr sübut edir ki, hazırda Ermənistanın sahibləndiyi ərazilər vaxtilə azərbaycanlıların məskunlaşdığı ərazilər olmuş, ermənilər bu ərazilərə sonradan gəlmişlər. Qərbi Azərbaycanın əsl sakinləri Azərbaycan türkləri olmuşdur.   Azərbaycan türkləri indiki Ermənistan ərazisində e.ə. II əsrdən yaşamağa başlamışlar. Qərbi Azərbaycan ərazisində Azərbaycan türkləri yerli sakinlər olmuşlar və ermənilər buraya ilk yaşayış yerləri olan İraqdan - Fərat və Dəclə çayının sahillərindən gəlmişlər. Ermənilərin Şərqi Ermənistan adlandırdığı indiki ərazidə qorunub saxlanılan qədim oğuz qəbirləri, qoç, qoyun qəbir daşları, yəhərli-yüyənli at heykəlləri xalqımızın tarixi keçmişi ilə səsləşir. Bunlar bu ərazilərin bizlərə məxsus olduğunun sübutudur.

Bu ərazidə yaşayan ilk qədim türk tayfaları da bu ərazilərin bizlərə məxsusluğunu göstərir. Qərbi Azərbaycan ərazisində yaşamış türk tayfaları- kimmerlər, saklar, quqarlar,  şiraklar, qarqarlar,  peçeneqlər, şadılı tayfaları  olmuşdur.

İndiki Ermənistan ərazisində tarixən məskunlaşan qədim türk tayfalarından biri kəngərlərdir. Kəngərlər bu əraziyə eramızın IV əsrindən sonra gəlmişlər. Qədim türk tayfalarından olan kəngərlər əsasən Ağrı vadisində, indiki Ermənistanın Gürcüstanla sərhədlərində yaşamışlar.

Qədimdən oğuz tayfalarının  indiki Ermənistan ərazisində yaşadığını VII əsrin tarixi abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanı da aydın şəkildə sübut edir. Əlbəttə, bizim belə sübutlarımız çoxdur.

Ermənilərin Azərbaycana qarşı tarixi düşmənçiliyi və xəyanətləri son 2 əsr­də – Rusiya imperiyasının Şimali Azərbaycanı işğal edib erməniləri müxtəlif bölgələrimiz­də məskunlaşdırması ilə başladı.

Bildiyimiz kimi,  1826-1828-ci illər II Rusiya-İran müharbəsi də rusların qələbəsi ilə başa çatır və 1828-ci il fevralın 10-da Təbrizin 43 km-liyində yerləşən Turkmənçay kəndində sülh müq­a­vi­lə­si imzalanır. 1828-ci ildə bağlanan Türkmənçay müqaviləsinin nəticəsi olaraq ermənilər İrandan, Türkiyədən bu ərazilərə köçürülür. Bununla da,  azərbaycanlılar  zaman-zaman -1905-1906, 1918-1920, 1948-1953 və 1988-1991-ci illərdə tarixi-etnik torpaqlarından deportasiya olunurlar.

Rusiya Cənubi Qafqazda, o cümlədən indi Ermənistan adlanan Qərbi Azərbaycanda dayaqlarını möhkəmlətmək məqsədilə 1828-ci ildən rusları bu əraziyə köçürməyə başlayırlar. 1903-1905-ci illərdə İrəvan quberniyasının ərazisində 5971 nəfər rus yaşamışdır ki, bu da əhalinin 0,7%-ni təşkil edirdi.

Təkcə bir faktı qeyd edək ki, indiki Ermənistan ərazisində 1828-ci il Türkmənçay müqaviləsinə qədər əhalinin əksəriyyətini azərbaycanlılar təşkil etmişdir. Lakin Türkmənçay müqaviləsindən sonra isə mütənasiblik pozulmuş, azərbaycanlılar Rusiya dövlətindən dəstək alan ermənilər tərəfindən sıxışdırılaraq tarixi-etnik torpaqlarından qovulmuş və beləliklə, ilk qaçqınlar Azərbaycana, Cənubi Azərbaycana, Türkiyəyə pənah gətirmişlər.

Qafqazı tutduqdan sonra Rusiya öz ərazisindəki məcburi köçkünləri Azər­bay­ca­na göndərir. Eyni zamanda, İrandakı rus səfiri A.S.Qribo­yedovun (1795-1829) şəxsi təşəbbüsü ilə İrandan minlərlə erməni ailəsi Nax­­çıvana, Zəngəzura və Qarabağa köçürülür. Qısa müd­dət­də İran və Türkiyədən Azərbaycan ərazilərinə köçürülən ermənilərin sayı 130 mini ötür.

Mənbələrin məlumatına görə, 1828-1830-cu illərdə Naxçıvan xanlığının ərazisinə 2511 ermə­ni ailəsi (12555 nəfər) köçürülmüş, bundan başqa, Naxçıvan şəhə­rində 434 erməni ailəsi yerləşdirilmişdi.

1828-ci ilin martında çar I Nikolayın göstərişi ilə keçmiş İrəvan və Naxçı­van xanlıqlarının ərazisində “Erməni vilayəti” adlanan inzibati vahid yaradılır, 1841-ci ildə Naxçıvan torpaqları Gürcüstan-İmeretiya quber­ni­ya­sının tərkibinə ve­rilir. 1850-ci ildə isə Naxçıvan, Şərur-Dərələyəz qəzaları və Ordubad da­i­rə­si yeni yaradılan İrəvan quberniyasına birləşdirilir.

Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Tarixi proseslərin gedişi ona gətirib çıxardı ki, 1813-1828-ci illərdə im­za­lan­mış Gülüstan və Türkmənçay müqavilələri Azərbaycanı, onun tarixi tor­paq­larını parçaladı, xalqımızı iki yerə böldü” .

Bütün bunlar subut edir ki, İrəvan xanlığı ərazisində yaradılan indiki Ermənistanda azərbaycanlılar əsl köklü xalq olmuş, burada doğulub böyümüşlər. Ermənilər isə əsasən, XIX əsrin axırları, XX əsrin əvvəllərində İrandan, Türkiyədən, o cümlədən XX əsrin 40-60-cı illərindən Suriyadan, Livandan, ABŞ-dan, Misirdən, Fransadan köçürülərək bu ərazilərdə yerləşdirilmişdir. Bu da 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və ən nəhayət, 1988-1989- cu illərdə azərbaycanlıların indiki Ermənistan ərazisindən tarixi-etnik torpaqlarından qovulması üçün ən mühüm şərtlərdən biri idi.

Qərbi Azərbaycan ərazisində Çar Rusiyasının himayəsi və şəxsən I Nikolayın fərmanı ilə yaradılan "Erməni vilayəti" ermənilərin bu ərazilərdə məskunlaşmasına, azərbaycanlıların isə tarixi-etnik torpaqlarından deportasiyasına, Azərbaycan kəndlərinin dağılmasına, viran edilməsinə gətirib çıxartmışdır.  Ermənilərin ərazilərimizə köçürülməsi məsələsi  sonrakı illərdədə davam etmiş, nəticədə bizim dədə-baba torpaqlarımıza yiyələnmişləır.

Bir faktı qeyd edək ki, 1949-cu ildə Ermənistan SSR ərazisindən qədim Qərbi Azərbaycan torpaqlarından 15.276 nəfər adam Şimali Azərbaycana deportasiya edilir. Deportasiya olunanlar Şimali Azərbaycanın Saatlı, Mirbəşir (Tərtər), Göyçay, İmişli, Əli-Bayramlı, Zərdab, Salyan, Kürdəmir, Xaldan, Sabirabad, Jdanov (Beyləqan), Yevlax, Ucar, Bərdə, Gədəbəy rayonlarında yerləşdirilir. Ən çətini, dözülməzi ondan ibarət idi ki, dağlıq və dağətəyi ərazilərdə dünyaya göz açıb, yaşayan bu əhali indi birdən-birə çox isti olan Kür-Araz ovalığına köçürülürdü.

Sonrakı ildə - 1950-ci il martın 14-də və avqustun 25-də daha 14.361 nəfər azərbaycanlının Ermənistan SSR-dən Azərbaycana köçürülməsi haqqında Azərbaycan və Ermənistan respublikalarının hökumətləri birgə qərar qəbul edirlər.

1988-1991-ci illərdə  SSRİ dövlətinin himayəsi altında Ermənistan dövləti Qərbi Azərbaycandan-indiki Ermənistan ərazisindən 250 mindən artıq azərbaycanlını ata-baba torpaqlarından deportasiya etmişdir. Ümumiyyətlə, XX əsrdə 2 milyondan çox azərbaycanlı indiki Ermənistanda soyqırımına məruz qalmışdır.

Ümummilli Liderimiz Heydər Əliyev bu tarixi ədalətsizliyə, faciələrə hüquqi-siyasi qiymət vermiş və bununla bağlı 1997-ci il dekabrın 18-də "1948- 1953-cü illərdə azərbaycanlıların Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında", 1998-ci il martın 26-da "Azərbaycanlıların soyqırımı" və 2001-ci il avqustun 22-də "Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında" fərmanlar imzalamışdır.

27 may 1997-ci ildə Respublika Günü münasibətilə təntənəli yığıncaqda nitq söyləyən Ümümmili Liderimiz Heydər Əliyev azərbaycanlıların indiki Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından deportasiya olunmalarından danışarkən demişdir: "O vaxt yaşayan insanlar və doğma yerlərindən deportasiya olunanlar yaxşı xatırlayırlar: Ermənistanın çox gözəl iqlimə-yəni bu torpaqlar vaxtilə Azərbaycan torpaqları olub-malik olan yaşayış yerlərindən insanları gətirib evsiz-eşiksiz Mil-Muğan çöllərinə salanda, əlbəttə ki, onlar o şəraitdə yaşaya bilməyəcəkdilər. Məlumdur ki, o vaxt bir çox insanlar qırıldı, tələf oldu, əzab-əziyyət çəkdilər. Hətta məlumdur ki, bəziləri burada yaşaya bilmədilər,gizli olaraq qayıdıb öz yerlərinə, evlərinə getdilər".

Bir bir faktı qeyd edə bilərik ki, Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır.  Bunu sübut edən mənbələrimiz çoxdur. Ancaq ermənilər öz xislətlərinin qurbanı olaraq  Qərbi Azərbaycanda bizim tarixi, dini abidələrimizi yerlə-yeksan etmiş, dağıtmış, bizim tarixi irsimizi bu torpaqlardan silmək istəmişlər. Amma onlar unutmuşlar ki, tarixi sənədlər bu torpaqların bizlərə məxsusluğunu təsdiqləyir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  də həmişə bu məsələni diqqətdə saxlamış, Qərbi Azərbaycan torpaqlarının Azərbaycan ərazisi olduğunu qeyd etmişdir. 21 aprel 2011-ci il tarixdə bir qrup gənci və tələbə gənclər təşkilatının nümayəndələrini qəbul edən İlham Əliyev  indiki Ermənistan dövlətinin Azərbaycanın tarixi torpaqlarında yarandıği, İrəvan xanlığının Azərbaycan torpağı olması barədə demişdir: "Bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıbdır. Bu tarixi həqiqətdir. Biz bu tarixi yaxşı bilirik. İrəvan xanlığında yaşayanların əksəriyyəti azərbaycanlılar idi, Zəngəzur mahalı Azərbaycandan zorla qopardılıb ki, türk dünyasını parçalasınlar və elə də oldu. Ancaq vaxt gələcək, bu ədalətsizlik aradan qaldırılacaqdır".

Dövlətimizin başçısı onu da qeyd edirdi ki: "Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki, tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb".

Prezident İlham Əliyev bu tarixi zorakı­lığı hətta kəskin ittiham etmişdir: "Tarixi Azərbay­can torpaqları olan Qarabağ və Zəngəzura XX əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, demoqrafik vəziy­yətin zorla dəyişdirilməsi 1905, 1918-ci illər­də Azərbaycanlı əhalisini qorxutmaq və qov­maq məqsədi güdən kütləvi qırğınlar, 1920-ci ildə Zəngəzurun Ermənistana verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə Azərbay­canlının indiki Ermənistan ərazisindəki əzəli yurdlarından köçürülməsi xalqımıza qarşı er­məni təcavüzünün qanlı səhifələridir".

Xalqımız bu gün Zəngəzura, İrəvana və digər əzəli Azərbaycan torpaqlarına getmək arzusu ilə yaşayır. Bu torpaqlara getmək üçün  tarixi hüququmuzu beynəlxalq birlik qarşısında qaldırır. Zorla didərgin salınmış də­də-baba yurdlarına geri qayıtmaq hər bir soy­daşımızın haqqıdır. Qərbi Azərbaycan İcması­nın üzvləri ilə görüşdə Prezident İlham Əliyev onların əzəli torpaqlarına qayıtmalı olduqları­nı qətiyyətlə söyləyirdi: "Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır. Ona görə buna nail olmaq üçün biz, o cümlədən beynəlxalq müstəvidə daha fəal olmalıyıq. Hesab edirəm ki, İcmanın çox mö­təbər bir rəqəmsal platforması olmalıdır, bir portalı olmalıdır. Orada həm tarixi həqiqətlər, həm tarixi abidələrimiz, ermənilər tərəfindən dağıdılan saraylar, məscidlər, şəhərlər, Azər­baycan tarixi irsinin silinməsi ilə bağlı olan faktlar öz əksini tapmalıdır".

44 gün davam edən  Vətən müharibəsində ordumuzun qəhrəmanlığı və xalqımızın milli birliyi ilə 30 il düşmən tapdağında olan torpaqlarımız azad olundu.   Eyni zamanda,  Prezidentimiz İlham Əliyev  ən mötəbər kürsülərdə İrəvanın, Zəngəzurun və Göyçənin Azərbaycanın tarixi torpaqları olduğunu və Azərbaycan xalqının bu tarixi ədalətsizliklə heç vaxt barışmayacağını da dünyaya bəyan etdi.  Bildirdi ki, əsas hədəfimiz  Qərbi Azərbaycana qayıtmaqdır.

Qərbi azərbaycanlıların öz doğma yurd­larına qayıdışı tarixi bir zərurətdir və bu, ədalətin bərpası, onların təməl hüquqlarının təmin edilməsi olacaq. Hər kəsin öz əzəli Vətənində yaşamaq hüququ var və bu hüquq beynəlxalq konvensiyalarda təsbit edilib. Bu gün artıq bu istiqamətdə hərtərəfli işlərə baş­lanılıb. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanın qüdrəti, apardığı uğurlu xarici və daxili siyasəti sayəsində Qərbi azərbay­canlıların da öz doğma torpaqlarına qayıda­cağı günün uzaq olmadığına tam əmindir.

Bəli, öz torpaqlarından qovulan, illərlə torpaqlarına həsrət qalan azərbaycanlılar Qərbi Azərbaycana- ata yurdlarına dönəcək, bu ərazilərdə yeni həyat başlayacaqdır. Hansı ki, azad edilmiş ərazilərimizdə quruculuq- bərpa işləri həyata keçirilir.

lham Əliyevin də dediyi kimi: "Biz – bu torpaqların sahibləri artıq qayıtmışıq və bu torpaq, bu səma bunu görür. Görür ki, hər gün inkişafla bağlı daha bir addım atılır. Hər gün daş üstə bir daş qoyulur. Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bərpa edirik".

Fəxriyyə Cəfərova

Ələkbər Cabbarlı