Qanunvericiliyə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxslərin məlumatları hansı formada olur? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Qanunvericiliyə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxslərin məlumatları hansı formada olur?
Cavab: Törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən fiziki şəxslərin məlumatları yazılı və ya şifahi şəkildə ola bilər.
İstintaq hərəkətlərinin aparılması və ya məhkəmə baxışı zamanı, törədilmiş və ya hazırlanan cinayət haqqında verilmiş şifahi məlumat müvafiq olaraq istintaq hərəkəti və ya məhkəmə iclası protokoluna yazılır. Belə məlumat məhkəmə baxışı zamanı verildikdə, həmçinin məhkəmə iclasında elan olunur. Digər hallarda ayrıca protokol tərtib edilir. Protokolda məlumatı verən şəxs barədə məlumatlar, onun cinayətə münasibəti, məlumatı aldığı mənbə, habelə onun təqdim etdiyi vətəndaşın şəxsiyyət vəsiqəsi, pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd haqqında məlumatlar qeyd edilməlidir.
Törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat verən şəxs on altı yaşına çatmışsa, ona bilə-bilə yalan xəbərçilik etməyə görə məsuliyyət haqqında yazılı xəbərdarlıq edilir və həmin şəxs bunu öz imzası ilə təsdiq edir.
Törədilmiş və ya hazırlanan cinayət haqqında və məlumat verən şəxsə onların məlum olduğu hallar barədə məlumatlar protokolda birinci şəxs adından qeyd olunur.
Protokolu törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat verən şəxs və məlumatı qəbul edən vəzifəli şəxs imzalayırlar.
Törədilmiş və ya hazırlanan cinayət haqqında imzalanmamış və ya saxta imza ilə imzalanmış, yaxud uydurma fiziki şəxs adından yazılmış ərizə və ya digər anonim məlumat cinayət işinin başlanması üçün səbəb ola bilməz.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi ədliyyə müşaviri - Səttar Əsgərov
Mənsurə Hümbətova