Professor Hüseyn Həşimlinin tədqiqatlarında Səməd Mənsur və "Seypur" jurnalı

Professor Hüseyn Həşimlinin tədqiqatlarında Səməd Mənsur və "Seypur" jurnalı

26 Fevral 2024

Azərbaycan ədəbiyyatşünaslıq elminin tanınmış nümayəndələrindən biri, Əməkdar elm xadimi, professor Hüseyn Həşimli ümümən ədəbiyyata qarşı olan sonsuz sevgisi ilə daim araşdıran, axtaran, yeni faktlar üzə çıxaran, arxivlərdə, əlyazmalar fondlarında böyük diqqət, zəhmət və məsuliyyətlə işləyərək ədəbiyyatşünaslığımızı zənginləşdirən bir alim kimi tanınmışdır. Əsasən, az tədqiq olunmuş şair və yazıçıları araşdıran, ədəbiyyat tarixi üçün qaranlıq qalan mövzuları üzə çıxarıb tədqiqata cəlb edən alim qısa, lakin mənalı ömrünə otuza yaxın elmi kitab, o cümlədən on iki monoqrafiya, 340-dan çox elmi məqalənin müəllifii kimi yadda qaldı. Tanınmış alimin müəllimi olmuş akademik İsa Həbibbəyli onun haqqında yazmışdır: “Professor Hüseyn Həşimli elmi fəaliyyətində ədəbiyyat nəzəriyyəçiliyi ilə ədəbiyyat tarixçiliyini qoşa qanad kimi inkişaf etdirmiş və onların qarşılıqlı əlaqəsi əsasında orijinal elmi əsərlər yazıb nəşr etdirmişdir. Alimin ədəbiyyat nəzəriyyəsi üzrə ədəbi cərəyanlara,  lirik ədəbi növün janrlarına, klassik ədəbi irsə və mənsur şeirin poetikasına həsr olunmuş tədqiqatları yüksək nəzəri səviyyəsi və fakt zənginliyi ilə səciyyələnir. Hüseyn Həşimli hazır sxemlərdən deyil, ədəbiyyat tarixinin daxili təkamül proseslərindən çıxış edərək nəzəri model yaratmağı bacaran alimlərdən idi”. Bütün bu zəhmətlərin nəticəsi kimi prof. Hüseyn Həşimli bir çox mükafat və təltiflərə layiq görülmüş, həmçinin 2009-cu ildə “Türkiyə-Azərbaycan kültür və ədəbiyyatına hizmət ödülü”nə layiq görülmüşdür.

Professor H.Həşimlinin tədqiqatlarını səciyyələndirən dosent R.Qasımov yazırdı: “Naxçıvan ədəbiyyatşünaslıq məktəbinin ən məhsuldar nümayəndələrindən biri kimi prof. H.Həşimlinin ciddi elmi tədqiqatları naxçıvanşünaslıq üçün etibarlı mənbə rolunu oynamaqdadır. ...Prof. H.Həşimlinin tədqiqatlarını fərqləndirən və səciyyəviləşdirən mühüm amillərdən biri də onun araşdırmalarında Naxçıvanın ya öyrənilməyən, ya da az öyrənilmiş sahələri, mövzuları və şəxsiyyətləri barədə olmasıdır. ...prof. H.Həşimli ictimaiyyətə Naxçıvanın neçə-neçə bəlli olmayan, az öyrənilmiş şəxsiyyətlərini tanıtmağa nail olmuşdur. Onun tədqiqatları Naxçıvan ədəbi mühitinin həm nəzəri, həm də tarixi məsələlərinə həsr olunmaqla elmi yeniliklərlə səciyyələnmişdir”. Bu mənada H.Həşimlinin geniş və çoxistiqamətli tədqiqatları içərisində Azərbaycan Xalq Cümhuriyyəti dövrünə nəşr edilmiş, baş redaktoru Səməd Mənsur, redaktoru Məmmədəli Sidqi olan və “Molla Nəsrəddin” jurnalının davamçısı kimi çıxış etmiş “Şeypur” jurnalı, habelə Səməd Mənsur, Məmmədəli Sidqi haqqında da əhatəliliklə bəhs etdiyi əsərləri də məxsusi yer tutmaqdadır. Alim fədakarlıq göstərərək “Şeypur” jurnalını transliterasiya edərək çap etdirmişdir.  Alim habelə 1918-1919-cu illərdə çap olunmuş “Şeypur” jurnalının bütün nömrələrini yığıb kitab halında nəşr etdirmişdir.

Alimin də bəhs etdiyi kimi “Şeypur” jurnalının cəmi 14 sayı nəşr olunmuşdur. Jurnalın bütün saylarındakı ədəbi və bədii-publisistik nümunələr həm mövzu, həm də sənətkarlıq baxımından rəngarəngdir. Jurnal haqqında geniş tədqiqat aparmış filologiya elmləri doktoru Hüseyn Həşimli adıgedən mətbuat orqanının uzun illər diqqət mərkəzindən uzaq olması səbəblərinə aydınlıq gətirərək yazırdı ki, “Şeypur”a uzun illər birtərəfli laqeyd münasibət onun mövzu-ideya mündəricatı, izlədiyi qayə ilə bağlı idi. İctimai-siyasi hadisə və proseslərə aydın mövqedən münasibət bildirən jurnal Vətən və xalq taleyi üçün xüsusi önəm daşıyan məsələlərə həssaslıqla yanaşır, milli mənafelərin ardıcıl müdafiəçisi kimi çıxış edir, bu yolda heç nədən çəkinmirdi. “Xüsusən, Azərbaycanın yenidən işğalına yönələn rus bolşevizminin əsl mahiyyəti, onlara və digər havadarlarına arxalanan ermənilərin fitnəkar əməlləri, əsassız torpaq iddiaları, 1918-ci ilin martında soydaşlarımıza qarşı törətdikləri qanlı qırğınlar “Şeypur”un səhifələrində tutarlı faktlar və əhatəli təhlillər vasitəsi ilə gah ciddi, gah da satirik tərzdə öz ifadəsini tapmışdır”. Məhz bu cəhətlərinə görə jurnal “əks-inqilabi” ruhlu mətbuat orqanı sayılaraq sovet dövründə tədqiqə cəlb olunmamışdır.

 Prof. H.Həşimli göstərirdi ki, Azərbaycan romantik və satirik şeirində tanınmış imzalardan biri Səməd Mənsur olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti dönəmində də S.Mənsurun fəaliyyəti qənaətbəxş olmuş, əsl milli ziyalılıq nümunəsi göstərmişdir. Hüseyn Həşimlinin tədqiqatlarından aydın olur ki, Səməd Mənsurun şeirləri “Şeypur” jurnalında bir çox gizli imzalarla  nəşr olunmuşdur: “Pampuşalı”, “Kənarçı Pampuşalı” imzalarının şairə məxsusluğu şübhəsizdir. Vaxtilə Səməd Mənsurun şeirlərini toplamış Əliabbas Müznib də “Şeypur” jurnalında “Biz”, “Yaftımalı”, “Hafif”, “Cingirovan” imzalarıyla verilmiş bir neçə mənzumənin onun külliyyatına aid olduğunu qeyd etmişdir. Ə.Müznibin toplayıb tərtib etdiyi həmin kitab müəyyən müdddət sonra, 2003-cü ildə nəşr olunmuşdur. Yuxarıda qeyd olunan imzalarla “Şeypur”da çıxmış şeirlərin əksəriyyəti də orada yer almışdır.

Lakinn ədəbiyyatşünas alim Hüseyn Həşimli Səməd Mənsurun şeirlərindəki bəzi təxəllüslərin ona mənsubluğu ilə bağlı mübahisələr açmış, etiraz edərək düzəlişlər etməyi məqsəduyğun bilmişdir. Alimin fikrincə, “Hafif” imzasını Səməd Mənsura aid edənlər yanılmışlar. Belə ki, “Hafif” imzası  Mirzə Məhəmməd Axundova məxsusdur. Bunun müqabilində isə alim jurnalda gedən “Yaftım” imzasını S.Mənsura aid hesab etmişdir. Bununla əlaqədar “Şeypur”un 3-cü sayında  redaktor Məmmədəli Sidqinin “Şeypur” imzasıyla verilmiş “Qramafon”  adlı felyotonunu da əsas göstərmişdir: “Yoldaşım Yaftım ilə bu barədə uzun mübahisəmiz oldu. Yaftım deyir ki, bu, təbii bir işdir. Lakin mən Yaftımın bu fikrinə şərik çıxa bilmərəm”.

Beləliklə, hərtərəfli və geniş elmi yaradıcılıq diapazonunna malik olan H.Həşimlinin tədqiqatları arasında AXC dövründə nəşr edilmiş “Şeypur ”jurnalı və bu dövrün görkəmli qələm ustalarından olan Səməd Mənsur haqqında araşdırmalar da  yer almaqdadır. Professor H.Həşimlinin tədqiqatları da göstərir ki, iyirminci yüzilliyin ilk onilliklərində Azərbaycan satirik mətbuat tarixində “Şeypur” jurnalının və görkəmli ədib Səməd Mənsurun özünəməxsus mühüm xidmətləri olmuşdur. Jurnalın şair və yazıçıları – şair, dramaturq, publisist, tənqidçi, tərcüməçi, teatr xadimi kimi çoxşaxəli fəaliyyət göstərmiş, ədəbiyatımızın, mətbuatımızın, mədəniyyətimizin inkişafında diqqətəlayiq rol oynamışdır. Alimin də qeyd etdiyi və göstərdiyi kimi, xüsusən Azərbaycan istiqlalına qənim kəsilən daşnak-bolşevik qüvvələrin ifşası, onların əsl simasının açılıb xalqa göstərilməsi “Şeypur” jurnalı üçün başlıca məsələ təşkil etmiş, S.Mənsur, M.Sidqi və b. ziyalıların fəaliyyəti milli mündəricə və cəsarəti ilə nəzər diqqəti cəlb etmişdir. Professor H.Həşimlinin də tədqiqatlarında qeyd edildiyi kimi, “Şeypur” Azərbaycan Xalq Cümhuriyyətinin mətbuat tarixini öyrənmək baxımından faydalı bir mətbuat orqanı olmuşdur. Bu mətbuat orqanı haqqında ən sanballı elmi tədqiqat əsərləri arasında isə elə prof.  H.Həşimlinin elmi yaradıcılığı dayanmaqdadır.

Natavan İbrahimova

AMEA Naxçıvan Bölməsinin əməkdaşı