Ordubadlı dostunuz varmı?  -

Ordubadlı dostunuz varmı? - Mətin Kamal yazır

28 Fevral 2024

Mənim üçün Ordubad qonaqpərvər Mərdan əmidir, açıq süfrə ilə qarşılayan Elməddindir, gülərüz, səmimi Salmandır, şirin ləhcəsi ilə zarafatlarından qalmayan Vüqar müəllimdir, kəndini qarış-qarış gəzdirən Hikmət kişidir, Dırnısın el ağsaqqalı Rza dayıdır.

Mənim üçün Ordubad təkcə Mingis, qırxpillə, Sərşəhər deyil, dadlı limonlar yetişdirən, sucuq bişirən Fəxrəddin dayıdır, hər gördükcə Ordubadı şeirlə vəsf edən Salehdir, elm yollarında mübarizə aparan dırnıslı gənc Təbrizədir, Gənzədən Qürbət müəllimdir.

Ordubad Azərbaycanın incisidir - Heydər Əliyev

1980-ci ildə ulu öndər Heydər Əliyev Ordubada səfərində rayon sakinləri ilə görüş zamanı belə deyib:

“Qədim arxitektura abidələri ilə zəngin olan Ordubad şəhərinin şöhrətini onun insanları özlərinin bugünkü işləri ilə daha da artırırlar”.

Bu gün çoxları Ordubaddan yazır, Ordubadın tarixi dəyərindən, abidələrindən danışırlar. Unutmayaq ki, bu abidələri, mənəvi dəyəri qoruyub saxlayan məhz ordubadlılardır.

Mən bir jurnalist kimi çəkilişlə əlaqədər Ordubadın bütün kəndlərini qarış-qarış gəzmişəm, insanları ilə xeyli söhbət etmişəm. Hətta Ordubaddan yaxşı dostlar da qazanmışam. Hərdən ordubadlı dostlarla söhbət edəndə zarafatla deyirlər ki, “biz naxçıvanlı deyilik".

Əslində bu tarixi məqamlarda da öz əksini tapır. Şah Abbasın dönəmində Ordubad vergidən azad olunmuşdu. Ordubadlılar Naxçıvan bazarlarına gələndə, əgər onları yoxlayırdılarsa deyirdilər ki, biz naxçıvanlı deyilik, ordubadlıyıq. Şirin ləhcələrindən tanınan ordubadlılar da vergidən azad olurdu.

Həqiqətən də, insanları, zəngin adət-ənənələriylə seçilən Ordubada ilk dəfə ayaq basan insan özünü orta əsr Şərq şəhərlərindən birinə düşmüş kimi hiss edir.

XVIII əsr coğrafiyaşünası Hacı Zeynalabdin Şirvani yazır ki, bu yerin adamları mehriban və qonaqpərvərdirlər. Çox şirin danışıqları var. Ordubada qonaq gələndə “kimsən, niyə gəlmisən” soruşmurlar. İnsanlara o qədər etibar edirlər ki, evdən çıxanda qapını bağlamırlar. Burada evlərin qapısında qıfıl görmək, demək olar ki, qeyri-mümkündür. Ordubadın əhalisi hüsn və camal sahibidir. Onlar insaflı və mərhəmətlidirlər.

Hətta mən bunun şahidi də olmuşam

Yaşca məndən böyük ordubadlı dostlardan biri olan Qürbət müəllim Gənzə kəndində icra nümayəndəsidir. Qürbət müəllim bir dəfə söhbətimiz zamanı dedi ki, bizim kənddə evlərinin demək olar ki, heç birində qapılara qıfıl vurulmur. Çünki arxayındırlar ki, qonşuları həmin həyətdən, evdən muğayat olacaq. Hətta kənddə itən əşyaları tapan şəxs kəndin məscidinin yanına gətirib xüsusi yerə qoyur. Nəsə itirən adam da düşüb kəndi küçə-küçə axtarmır. Bir başa gəlib həmin yerə baxır. Ordubad camaatı bu cür sədaqətli, etibarlı adamlardır.

Deməli Ordubad camaatında bu mənəvi dəyərlər tarixi köklərdən gəlir. İndi də onlar mənəvi dəyərlərinə çox bağlıdır. Təsadüfi deyil ki, Naxçıvanda ən yaxşı adət-ənənələri yaşadan ordubadlılardır.

Ordubad camaatında yaxşı bir xüsusiyyət var ki, onlar necə deyərlər uşaqla uşaq olur, böyüklə böyük olurlar. Ordubadlılarla dost olmaq istəyirsənsə yaşın fərqi yoxdur. Sadəcə dürüst olmalısan.

Ordubadda məndən yaşca böyük dostlarım da var. Nəsrivaz kəndindən Mərdan əmi, Cahangir əmi, Elməddin, Nüsnüs kəndindən Vüqar müəllim, Əndəmic kəndindən Hikmət kişi, Bistdən Salman çox yaxşı dostdurlar. Onlarla illərdir ki, dostluq edirəm, yolum Ordubada düşən kimi mütləq gedib onları bir-bir görürəm. 

Yuxarıda qeyd etdiyim kimi, Ordubad mənim üçün bu insanların tarixi dəyərələrinə sadiqliyidir. Ordubad deyəndə ağlıma abidələrindən, tarixindən çox bu adamlar gəlir. Bu insanlar təkcə qonaqpərvər, mehriban deyillər, həm də Ordubadın hər dağını, daşını fikirləşən adamlardır. Təsəvvür edirsiz, uzaq dağ kəndində yaşayan Mərdan əmi, Elməddin üçün Ordubadın Cümə məscidi, Sərşəhər meydanı sanki onun evidir. Hər dəfə söhbət edəndə kaşki bu abidələr bu cür bərpa olunardı, kaşki bu abidənin yanında bir lövhə olardı və.s danışırlar. Ötən günlərdə ordubadlılar üçün çox yaxşı bir xəbər də yayıldı. Ölkə başçısı müvafiq sərəncamla "Ordubad Dövlət Tarix-Mədəniyyət Qoruğu" yaratdı.

Özüm şahid oldum ki, ordubadlılar bu sərəncamdan sonra zəng edib bir-birlərini təbrik edirdilər. Gözümüz aydın olsun deyirdilər. Bax yurda bağlılıq budur, Ordubadı Ordubad edən onun mənəviyyatlı insanlarıdır.

Bist kəndindən olan Salmanla da tanışlığımız, dostluğumuz var. Hərdən Salmanla söhbət edəndə anlayıram ki, bu yurd yerinin gəncləri də Ordubada bağlıdır. Əfsanəvi Gəmiqayasından tutmuş Mingis məscidinə qədər hər bir abidə, adət-ənənələr Salmanın timsalında o qədər doğmadır ki bu gənclərə. Hərdən şirin ləhcələri ilə özlərindən, dəyərlərindən ağız dolusu danışırlar.

Ordubad camaatında bir xüsusiyyət də var ki, onlar çox şeyi dövlətdən gözləmirlər. Əgər imkanları çatırsa, kəndlərini bərpa edirlər, yol çəkirlər, körpü salırlar. Məsələn Nüsnüs, Tivi, Gənzə kimi kəndlərdə sakinlər bir neçə dəfə kəndin yollarını bərpa ediblər.

Bir dəfə çəkiliş məqsədi ilə Ordubadın Əndəmic kəndində getmişdik. İş elə gətirdi ki, biz kənddə gecələməli olduq. Ev sahibi Bakıda olan amma evinin açarını etibar etdiyi qonşusu dedi ki, gəlin burda gecələyin.

Biz hazırlaşırdıq ki, özümüz üçün nəsə bir şeylər hazırlayıb şam edək. Bir də gördük ki, kəndin bir neçə sakini əlləri dolu gecələdiyimiz evə gəldilər. Həmin gecə yatana qədər kəndin ziyalıları, gəncləri bizi tək qoymadı. Xeyli söhbət etdik, kəndin dəyərləri ilə daha yaxından tanış olduq.

Həmkarlarımızdan biri siz niyə bu qədər qonaqpərvərsiz deyəndə, Hikmət kişi dedi ki, ordubadlılar üçün qonaq evimizə gələn ruzi-bərəkətdir. Çünki Allah qonağın ruzisini özü ilə bərabər göndərir.

Ordubad sakinləri ilə həmsöhbət olmaq istəsəniz mütləq sizi çay süfrəsinə dəvət edəcəklər. Hətta Naxçıvanda zarafat yana bir deyim də formalaşıb ki, Ordubada qonaq getdinsə yemək yox, doyunca çay içəcəksən.

Ordubadlılar qonağı yeməyə “gedək çay içək” ifadəsiylə dəvət edirlər. Necə deyərlər, qonaqlıq çay dəsgahı ilə başlayır və tədricən yeməyə keçir. Adətən çay süfrəsi o qədər zəngin olur ki, bundan sonra mədədə yeməyə yer qalmır. Ordubad çay süfrəsi samovar çayı, qoz mürəbbəsi, ərik mürəbbəsi, limon və müxtəlif meyvə qurularından, Ordubada məxsus şirniyyatlardan təşkil olunur. Ordubad sakinləri ən yaxşı, maraqlı söhbətlərini də elə çay süfrəsində edirlər.

Bu Vətənin hər qarışının insanları gözəldir. Ancaq Azərbaycanın incisi olan Ordubadın sakinləri bir ayrıdır. Ordubadlılarla dost olmağına dəyər. Əgər Ordubadı yaxından tanımaq istəyirsinizsə mütləq bir ordubadlı dostunuz olsun.

Mətin Kamal

Jurnalist