Ordubadda gənclərlə ailə dəyərləri müzakirə olunub -

Ordubadda gənclərlə ailə dəyərləri müzakirə olunub - FOTO

15 May 2024

Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi ilə bağlı maarifləndirici söhbətlər davam etdirilir. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Ordubad  Rayon İcra Hakimiyyəti tərəfindən birgə təşkil olunan “Sağlam ailə, sağlam gələcək” adlı seminar da qəbildəndir. Tədbirdə yetkinlik yaşına çatan məktəblilər, valideynləri, eləcə də aidiyyəti təşkilatların nümayəndələri iştirak edib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli tədbir iştirakçılarını salamlayaraq, gənclərin gələcək ailə həyatının sağlam təməllər üzərində qurulması baxımından bu tip maarifləndirici görüşlərin önəmli olduğunu bildirib.  Nazirliyin aparat rəhbəri İlhamə Nəzərova layihənin əhəmiyyəti, ailə dəyərlərinin yaşadılması və gənc nəsil arasında təbliği ilə bağlı görülən işlər barədə danışıb. Həmçinin həkim-terapevt Nigar Səfərova, psixoloq Ayxan Hüseynli, Polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik xidmətin inspektoru Aqil Seyidov və digərləri mövzu ilə bağlı fikirlərini bölüşüblər. Dövlət tərəfindən gənclərin sağlam mühitdə formalaşması, dünya görüşlərinin zənginləşdirilməsi, o cümlədən ailələrin sosial müdafiəsi ilə bağlı həyata keçirilən tədbirlər, o cümlədən  erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri, sosial, psixoloji və tibbi fəsadları barədə fikirlər səsləndirilib.

Çıxışların ardınca mövzunu əhatə edən qısametrajlı film izlənilib. Diskussiya formatında davam edən tədbirdə iştirakçıların fikirləri dinlənilib, müzakirələr aparılıb.