Nicat Hacızadə: D-8 üzvlüyü Azərbaycan üçün yeni imkanlar açır
İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına(D-8) üzvlük Azərbaycanın həmin ölkələrlə iqtisadi-siyasi əlaqələrinin daha da inkişaf etməsinə və genişlənməsinə səbəb olacaq. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Nicat Hacızadə təşkilatın XI Sammiti zamanı Azərbaycanın bura üzv seçilməsini şərh edib. O bildirib ki, D-8-in əsas qayəsi qarşılıqlı iqtisadi əlaqələri genişləndirmək, investisiya və xarici ticarət dövriyyəsinin artımına nail olmaqdır. Təşkilata üzv ölkələrin hər birinin milli iqtisadiyyatlarının müqayisəli və rəqabət üstlünlüyünə malik sektorları mövcuddur. D-8 üzvləri arasında sərhəd məsafəsinin çox olmasına baxmayaraq, rəqabətqabiliyyətli və ixtisaslaşmış sektorlar vasitəsilə üzv ölkələr arasında iqtisadi əməkdaşlıq dərinləşdirilə və ticarət dövriyyəsi artırıla bilər. Artıq uzun zamandır ki, D-8 təşkilatı İndoneziyanın yoxsulluqla mübarizə və insan resursları, Malayziyanın maliyyə və bank, Türkiyənin sənaye, səhiyyə və şəhərsalma, Pakistanın kənd təsərrüfatı və balıqçılıq, İranın elm və texnologiya, Misirin turizm və ticarət, Nigerinin enerji qaynaqlarının idarəedilməsi sahələrində fəaliyyətləri koordinasiya edir, həmçinin müsəlman ölkələri arasında qarşılıqlı fikir və təcrübə mübadiləsinin aparılması üçün demokratik platforma yaradır.
Beynəlxalq Valyuta Fondunun 2024-cü ildə nəşr edilən hesabatına əsasən, D-8 təşkilatına üzv ölkələrin nominal milli gəlirləri toplam 5,1 trilyon ABŞ dolları, adambaşına düşən milli gəliri isə cəmi 48 min ABŞ dollarından çox olub. Təşkilata üzv ölkələrin toplam əhali sayı 1,3 milyard nəfərə yaxındır. D-8 ölkələri arasında xarici ticarət dövriyyəsi 2 trilyon ABŞ dollarına çatmaqla qlobal ticarətin 4,5%-ni və qlobal ümumi daxili məhsulun 5%-ni təşkil edir.
Nicat Hacızadə vurğulayıb ki, inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına üzvlük Azərbaycanın həmin ölkələrlə iqtisadi-siyasi əlaqələrinin daha da inkişaf etməsinə və genişlənməsinə səbəb olacaq. Azərbaycanın Türkiyə və İran İslam Respublikası ilə geniş ticarət və investisiya əlaqələrinin olmasına baxmayaraq, qalan dövlətlərlə iqtisadi münasibətlərinin daha da genişlənməsinə ehtiyac vardır. Belə ki, 2023-cü ilin yekunlarına görə, Azərbaycanın Türkiyə ilə xarici ticarət dövriyyəsi 7,7 milyard ABŞ dolları olmaqla D-8 iqtisadiyyatları ilə məcmu xarici ticarət dövriyyəsinin 90%-ni, İran İslam Respublikası ilə xarici ticarət dövriyyəsi 487,4 milyon ABŞ dolları təşkil etməklə toplam dövriyyənin 5,7%-ni təşkil edir. Azərbaycanın D-8 təşkilatına üzv ölkələr ilə birgə məcmu xarici ticarət dövriyyəsi 8,52 milyard ABŞ dolları təşkil edir ki, bu da ümumi xarici ticarət dövriyyəsinin 16,7%-nə bərabərdir. Habelə, Azərbaycanın D-8 ölkələrinə toplam ixracı 5,6 milyard ABŞ dolları təşkil edib. Üzv ölkələr arasında Azərbaycanın ən aşağı ticarət dövriyyəsi 477 min ABŞ dolları ilə Nigeriya olub. Nəticə etibarilə, Azərbaycanın qarşısında dayanan coğrafi şaxələnmə istiqamətində islahat tədbirlərini D-8 ölkələri vasitəsilə də həyata keçirməsi mümkündür.
Qarşılıqlı birbaşa xarici investisiya dövriyyəsinin də əsas hissəsi Türkiyə və İran İslam Respublikasının payına düşür. Belə ki, 2024-cü ilin doqquz ayı ərzində Türkiyənin Azərbaycana birbaşa xarici investisiya qoyuluşu 912 milyon ABŞ dolları, İran İslam Respublikasının isə 275,9 milyon ABŞ dolları təşkil edib.
Azərbaycan təşkilata üzvlüyü ilə D-8 preferensial ticarət sazişi anlaşmasına qoşularaq üzv ölkələrlə qarşılıqlı ticarət imtiyazlarından istifadə edə bilər. Bura tariflərin qarşılıqlı endirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi, mənşə qaydalarının müəyyənləşdirilməsi və s. daxildir. Hazırda Türkiyə və Pakistanla preferensial ticarət razılaşmasına malik Azərbaycanın qalan üzv ölkələrlə də güzəştli ticarət razılaşmalarına daxil olması mümkündür. Bu Azərbaycanın qeyri-neft-qaz ixracının çeşidlənməsi və şaxələndirilməsi baxımından əlverişli fürsətdir. D-8 ölkələrinin 2030-ci ilə qədər qəbul edilən birgə Yol Xəritəsinin əsas hədəflərindən biri üzv ölkələr arasında ticarət dövriyyəsinin qlobal ticarətin 15-20% çatdırılmasına nail olmaqdır. Azərbaycanın D-8 təşkilatına qoşulmaqla müxtəlif hədəflərə çatmaq istiqamətində dinamik addımlar atması milli iqtisadiyyatında böyüməsi ilə nəticələnəcək.