Naxçıvanda "Sağlam məhəllə"lər yaradılacaq

Naxçıvanda "Sağlam məhəllə"lər yaradılacaq

11 İyun 2024

Naxçıvan Muxtar Respublikasında "Sağlam məhəllə"lər yaradılacaq.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, dövlət başçısının tapşırığına əsasən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən ölkənin müxtəlif bölgələrində yaradılan "Sağlam məhəllə" idman zonalarından bir neçəsi də muxtar respublikada qurulacaq.

Plana uyuğn olaraq idman zonaları Culfa, Babək və Şahbuz şəhərlərində yaradılacaq. Artıq bu istiqamətdə ilkin addımlar da atılıb. Gənclər və İdman Nazirliyinin mütəxəssis və nümayəndələri məsul əməkdaşımızla birgə adıçəkilən şəhərlərdə olub, müvafiq meyarlara uyğun ərazilər müəyyənləşdirilib. İdman zonalarının bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulub.

İdman zonasında minifutbol və basketbol meydançaları, stolüstü tennis, şahmat, eləcə də hər yaş qrupuna uyğun fitnes avadanlıqları olur. İnsanların sağlamlığı, idmanın kütləviliyinə yönələn layihə eyni zamanda infrastrukturun genişləndirilməsi baxımından da önəmli rola malikdir.

Əlavə edək ki, "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq Naxçıvan şəhəri, Şərur, Ordubad, Kəngərli və Sədərək rayonları olmaqla, əhalinin sıx məskunlaşdığı ərazilərdə açıq hava tipli idman qurğularının quraşdırılması məsələsi də diqqətdə saxlanılır. Bütün bunlar əhalinin sağlam həyat tərzinə cəlbi, gənclərin asudə vaxtının səmərəli təşkili və ümumilikdə idmanın inkişafına hesablanıb.